AMEA İnfromasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı ilə keçirilən, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Hərb elmləri bölməsində çıxış edib.
“Pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumlar” mövzusunda məruzəni təqdim edən O.Vəlixanlı əvvəlcə pilotsuz uçuş aparatları (PUA) haqqında ümumi məlumat verib, onların müxtəlif xüsusiyyətlərinə görə xarakteristikalarını dinləyicilərin diqqətinə çatdırıb.
O, PUA-lara tələbatın sürətlə artdığını, lakin bununla yanaşı, onlara qarşı olan kiberhücümların sayının da çoxaldığını vurğulayıb.
Tədqiqatçı son zamanlar PUA-ları hədəf alan QMS aldatması (ing. GPS spoofing), xidmətdən imtina (ing. Denial-of-service ), paylanmış xidmətdən imtina (ing. Distributed Denial-of-service ), ortada adam (ing. Man-in-the-middle) və əngəlləmə (ing. Signal Jamming) kimi kiberhücumlar haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
O.Vəlixanlı PUA-lara qarşı istifadə olunan hücumların bəzən əhəmiyyətli olduğunu da qeyd edib. O, cari ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xüsusi radioelektron mübarizə kompleksindən istifadə etməklə Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli PUA-nın zərərsizləşdirilməsini buna misal göstərib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.