Transliterasiya bir mətnin bir qrafikdən digərinə çevrilməsi və beləliklə bir dildə olan fonetik və ya orfoqrafik ekvivalentlərin istifadəsi ilə digər dildəki sözlərlə əvəz edilməsidir. Maşın transliterasiyası maşın tərcüməsi sahəsində yeni yaranmış və çox vacib tədqiqat sahələrindən birinə çevrilmişdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə 21-23 sentyabr tarixlərində keçirilən “TurkLang-2021” onlayn beynəlxalq konfransında iştirak edib.
Konfransda “Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellərin tətbiqi” mövzusunda çıxış edən S.Məmmədzadə bildirib ki, transliterasiya sistemləri dil və yazı maneələrinin aradan qaldırılması baxımından faydalıdır. Xüsusilə müvafiq ad və texniki terminlərin qarşılığının tapılmasında, maşın tərcüməsi və dillərarası məlumat mübadiləsi üçün dəstəkləyici vasitə kimi transliterasiya böyük əhəmiyyət kəsb edir. Transliterasiya prosesi üçün hazırda müxtəlif metodlar işlənmişdir.
Məqalədə ən çox istifadə olunan maşın transliterasiyası üsulları haqqında ətraflı məlumat verilmiş, Azərbaycan dili qrafikasının transliterasiyası sahəsində mövcud vəziyyət araşdırılmışdır. Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellər seçilmiş və tətbiq edilmişdir. Hər bir dil cütlüyü üçün hazırlanmış qaydalar izah edilmiş və misallar göstərilmişdir.
Qeyd edək ki, S.Məmmədzadə beynəlxalq konfransda çıxışına görə sertifikata layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.