“Burulmuş” işıq şüalarının köməyi ilə informasiyanın uzaq məsafəyə ötürülməsi həyata keçirilib

20 Noyabr 2014 - 10:24 | Texnoloji yeniliklər
“Burulmuş” işıq şüalarının köməyi ilə informasiyanın uzaq məsafəyə ötürülməsi həyata keçirilib

Vyana Universiteti, Kvant optikası və Kvant  İnstitutunun bir qrup tədqiqatçısı ilk dəfə olaraq açıq havada “burulmuş” işıq şüası ilə uzaq məsafəyə informasiyanı ötürməyə nail olub. Alimlərin “burulmuş” işığa üstünlük verməsi onun məlumatların bir şüada ötürülməsi üçün çoxlu kanallar təşkil edərək kanalın ötürücülük qabiliyyətini sonsuzluğadək artırmağı ilə izah olunur.

Son zamanlar alimlər optik lifdə yayılan “burulmuş işıqdan” istifadə edərək təcrübələr aparıb. Təcrübələrin birində informasiyanın ötürülmə sürəti saniyədə 2,5 terabit  olub. Lakin, iki nöqtə arasında yüksək sürətli rabitə kanalı tələb olunarsa, bunu daimi və hər yerdə optik lif vasitəsilə etmək mümkün olmur. Yer səthi ilə kosmik aparatlar arasında əlaqə yaratmağı buna misal göstərmək olar. Lakin “burulmuş” lazer şüası vasitəsilə məlumatları göndərən zaman o yer atmosferində yayılır və  atmosfer səs-küyünün təsirinə düşür. Bu isə ötürülən məlumatların qismən itirilməsinə gətirib çıxarır. Buna görə də, bu kimi təcrübələr indiyədək yalnız laboratoriyalarda və qısa məsafələrdə həyata keçirilib. Lakin Avstriya tədqiqatçıları bu problemi həll etməyə nail olub.

dailytechinfo.org saytının məlumatına görə, tədqiqatçılar “burulmuş” şüanın köməyi ilə real informasiya - Motsart, Bolçiman və Şredingerin qara-ağ portretlərini ötürə bilib. Bu təcrübədə iştirak etmiş alimlərdən olan Mario Krenn bildirib: “Biz nümayiş etdirdik ki, informasiyanı “burulmuş” işıqdan istifadə edərək kodlaşdıra və kifayət qədər güclü atmosfer küyünə məruz qalaraq açıq havada 3 kilometrlik məsafəyə ötürə bilərik”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.