İyerarxik klasterləşdirmə alqoritmi ilə bağlı aparılan araşdırmaların nəticələri müzakirə olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn Elmi seminarında “İyerarxik klasterləşdirmə alqoritmi” (“Hierarchical clustering”) mövzusunda müzakirələr aparılıb.
İnstitutun əməkdaşı Lalə Fətəliyeva mövzuya dair çıxış edərək öncə k-means klasterləşdirmə metodunun çatışmazlığından danışıb. Bildirib ki, bu metodda klasterlərin sayı əvvəlcədən təyin edilməlidir və bu çatışmazlığı aradan qaldırmaq üçün iyerarxik klasterləşdirmə alqoritmləri hazırlanmışdır. Bu alqoritmin əsas məntiqi oxşar xususiyyətlərin birləşməsinə əsaslanır (və ya əksinə). Bu məntiqə görə, alqoritmin 2 əsas yanaşması var: aqlomerativ və bölünmə.
Onun sözlərinə görə, aqlomerasiya (bu, aşağıdan yuxarıya doğru bir yanaşmadır) zamanı hər müşahidə öz klasterindən başlayır və iyerarxiyaya doğru irəlilədikcə cüt-cüt birləşir. Bölünmə (bu isə əksinə, yuxarıdan aşağıya doğru bir yanaşmadır) zamanı müşahidələr bir qrupda başlayır və iyerarxiya aşağı düşdükcə parçalanır.
“Aqlomerativ metod zamanı klasterlərin bir-birləri ilə birləşməsindən alınan ağacvari diaqram dendroqram adlanır. Dendroqramın əsas istifadəsi obyektlərin klasterlərə ayrılmasınının ən yaxşı yolunu tapmaqdır”, - deyə məruzəçi əlavə edib.
Bundan əlavə, L.Fətəliyeva iyerarxik klasterləşdirmə alqoritminin kateqoriyaları haqqında məlumat verib. Qeyd edib ki, buraya “single linkage” (tək əlaqə), “complete linkage” (tam əlaqə), “average linkage” (orta əlaqə), “ward linkage” (vard kriteriyası) aiddir.
Sonda seminar iştirakçları mövzu ilə bağlı fikirlərini bölüşüblər, məruzəçiyə suallarını ünvanlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.