AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək, gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
Alim “İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyinin və regional-sektorial inkişafının qiymətləndirilməsi üçün indikatorlar-meyarlar sisteminin işlənilməsi” mövzusunda məruzəsini təqdim etdi. O, informasiya və bilik iqtisadiyyatı göstəriciləri, indeksləri və meyarları, informasiya və bilik iqtisadiyyatının sahəvi təsnifatı, informasiya və biliklər iqtisadiyyatının kompozit indeksini formalaşdıran müxtəlif indeks, subindeks və indikatorlar haqqında ətraflı məlumat verdi, informasiya iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsinin alqoritmik mərhələlərindən söz açdı.
İnformasiya və bilik iqtisadiyyatı göstəriciləri və indekslərinin işlənilməsindən bəhs edən alim iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsində müxtəlif indikatorlardan istifadə olunduğunu bildirdi. Qeyd etdi ki, informasiya və bilik iqtisadiyyatının ölçülməsi üzrə əsas göstərici kimi BMT Sosial İqtisadi İnkişaf Təşkilatı “Biliyə investisiya qoyuluşu” ümumiləşdirici göstəricisini təklif edib. Həmin göstərici işləmələrə, tədqiqata, ali təhsilə, informasiya-kommunikasiya texnologiyalarına və proqram təminatına olan investisiyaları əhatə edir.
Tədqiqat işində informasiya və bilik iqtisadiyyatının formalaşması vəziyyətinin beynəlxalq və milli səviyyədə sistemli analiz edildiyini söyləyən Ə.Əliyev informasiya və bilik iqtisadiyyatı indekslərinin hər biri haqqında ətraflı danışdı. O, həmçinin informasiya və bilik iqtisadiyyatı səviyyəsinin ölçülməsi metodikalarının müqayisəli təhlil edildiyini bildirdi, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyi üzrə qiymətləndirmə nəticələrini təqdim etdi.
“Nüfuzlu təşkilatların kompozit indikatorlarının qurulması qaydaları, metodologiyası və tələblərindən, praktikada özünü doğrultmuş müxtəlif metodoloji üsullardan effektiv istifadə olunmalıdır. İnformasiyaya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsinin düzgün və dəqiq qiymətləndirilməsini həyata keçirən kompozit indekslər sisteminin işlənilməsi və onların müntəzəm olaraq, təkmilləşdirilməsi müasir dövrün tələbidir”, ─ deyə alim bildirdi. Tədqiqat işində informasiya və biliklər iqtisadiyyatının kompozit indeksinin, onu formalaşdıran digər indeks və subindekslərin təklif olunduğunu, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyi üzrə qiymətləndirmə nəticələrinin təqdim edildiyini nəzərə çatdırdı.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.
Sonra şöbəyə təhkim olunmuş magistrantların dissertasiya mövzuları ilə bağlı müzakirələr aparıldı. Gənc tədqiqatçılar şöbədə müxtəlif mövzular üzrə apardıqları araşdırmalar haqqında ətraflı məlumat verdilər.
Şöbə müdiri Ə.Əliyev magistrantların elmi rəhbərləri ilə mütəmadi əlaqə saxlayaraq, dissertasiya çərçivəsində görülən işləri müzakirə etmələrinin vacibliyindən söz açdı. Qeyd etdi ki, müəyyən olunmuş mövzu üzrə beynəlxalq təcrübənin və tanınmış elmi jurnallarda dərc olunan məqalələrin araşdırılması, eləcə də şöbə daxilində fikir mübadiləsinin aparılması tədqiqatların səmərəliliyinin artırılması baxımından önəmlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.