İnstitutda “İnternet-medianın analitikası və mövcud yanaşmaların təhlili” mövzusunda seminar keçirildi

19 Noyabr 2014 - 15:01 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun kiçik elmi işçisi Gülnar Paşayeva İnternet-medianın analitikası və mövcud yanaşmaların təhlili” mövzusunda məruzəsini  təqdim etdi. O, xəbər monitorinqinin tarixi, medianın müasir problemləri, Azərbaycanda İnternet-medianın analitikasına dair mövcud vəziyyət haqqında ətraflı məlumat verdi.

Məruzəçi dünyada xəbər monitorinqi üzrə ixtisaslaşmış şirkət olan “Cyber Alert”in fəaliyyətindən danışdı. Onun sözlərinə görə, həm ənənəvi KİV, həm də internet-media sahəsində fəaliyyət göstərən şirkət hər gün 75 dildə, 189 ölkədə 50,000-dən çox onlayn xəbər mənbəyini izləyir və təhlil edir.

G.Paşayeva qeyd etdi ki, Azərbaycanda İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər ölkədə İnternet-medianın yaranması, inkişafı və araşdırılmasına təkan vermişdir. Bu, daha çox ölkənin İnternet istifadəçiləri arasında forumlar, “Facebook”, “Twitter” kimi sosial şəbəkələr, o cümlədən veb-saytlar və bloqların vüsət alması ilə xarakterizə olunur.

Bundan əlavə, Azərbaycanda “Media Təqib Mərkəzi”, "Nettrends Media Monitoring", "Media Consulting and Services" və s. kimi şirkətlərin İnternet-medianın analitikası ilə məşğul olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkənin ən aparıcı mobil operatoru, bankları, sığorta təşkilatları bu şirkətlərin xidmətlərindən istifadə edir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.