AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın 70 yaşı tamam olur.
Məsumə Məmmədova 1951-ci il avqustun 7-də Naxçıvan şəhərində anadan olub. 1973-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.
1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb.
1977-1980-ci illərdə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun məqsədli aspiranturasında təhsil alıb. 1983-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 “İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə “Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
1981-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda “Tətbiqi dilçilik” şöbəsində elmi işçi vəzifəsində çalışıb süni intellektin əsas istiqamətlərindən biri olan təbii dillərin avtomatik emalı problemlərini tədqiqi ilə məşğul olub.
1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə (1997-ci ildən İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, 2002-ci ildən isə İnformasiya Texnologiyaları İnstitutu adlanır) köçürülüb və mühəndis, qrup rəhbəri vəzifələrində işləyib. 1993-cü ildən indiyə kimi burada şöbə müdiri vəzifəsində çalışır.
O, 1999-cu ildə Bakı Dövlət Universitetində 05.13.14 “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə “Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb.
2001-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb.
2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. 2010-cu ildə professor elmi adını alıb.
M.Məmmədova hazırda süni intellekt, qeyri-səlis məntiq, çoxkriteriyalı qərarların qəbulu, qeyri-müəyyənlik şəraitində intellektual idarəetmə, kompüter dilçiliyi, obrazların tanınması, insan resurslarının intellektual idarə olunması, e-tibb, sosial şəbəkələr, е-tibbi demoqrafiya və digər istiqamətlərdə tədqiqatları davam etdirir.
Professor 321 elmi əsər, o cümlədən 11 monoqrafiya, 6 kitab, broşür və xüsusi təyinatlı lüğətlərin müəllifidir. Elmi əsərlərdən 172-si xaricdə, 161-i müxtəlif elmi bazalarda çap olunub. 57-si “Web of Science”, “Scopus”, “Springer”də indeksləşən jurnallara və konfrans materiallarına daxildir. Məsumə xanım bir sıra xarici və Azərbaycanda nəşr olunan jurnalların redaksiya heyətinin üzvü və rəyçisidir. 2017-ci ildən “Scopus” bazasına daxil olan “EUREKA: Physic and Engineering” jurnalının (Estoniya) baş redaktorudur.
O, Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universiteti (1999–2001), Bakı Dövlət Universiteti (2005–2010), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetində (2011–2013) süni intellektin müxtəlif istiqamətləri üzrə bir sıra fənləri tədris edib.
2003-cü ildən bəri Avropa Komissiyasının “Avropa qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində Avropa Təhsil Fondunun tədqiqat layihələrinin reallaşdırılmasında Azərbaycanı təmsil edən ekspert şəbəkəsinin üzvüdür.
Alimin rəhbərliyi altında 1 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 4 doktorant və dissertanta rəhbərlik edir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Məsumə Məmmədova 2009-cu ildə Azərbaycanda informasiya texnologiyalarının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, 2015-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.
2017-ci ildə isə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
Məsumə Məmmədova Azərbaycanda informasiya texnologiyaları, insan resurslarının intellektual idarə olunması, süni intellekt və elektron tibbin inkişafı sahəsində mühüm nailiyyətlərə imza atıb. O, təkcə elmi fəaliyyəti ilə deyil, həm də əsl ziyalıya xas dərin zəkası, geniş dünyagörüşü, zəhmətsevərliyi və bacarıqlı elm təşkilatçılığı ilə fərqlənən nüfuzlu alimlərdəndir.
Alim yüksəkixtisaslı kadrların yetişdirilməsinə də böyük qayğı və həssaslıqla yanaşır, istedadlı gəncləri hər zaman önə çəkməyə çalışır, onlara dəstək olur.
Azərbaycan elminə mühüm töhfələr bəxş etmiş Məsumə xanımı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.