Pul və bank kartlarını saxtalaşdırmaq mümkün olmayacaq

19 Noyabr 2014 - 12:20 | Texnoloji yeniliklər
Pul və bank kartlarını saxtalaşdırmaq mümkün olmayacaq

Alimlər etibarlı mühafizə metodunu təklif ediblər

Rusiya fizikləri pul, bank kartları və sənədlərin saxtalaşdırmadan maksimum dərəcədə etibarlı mühafizəsini təmin edən nanorəsmin yaradılması metodunu təklif ediblər. Yeni texnologiyanın əsasını kağız və ya plastikdə ani olaraq metalın nanokristallarının “yetişdirilməsi” təşkil edir. Bu haqda ИТАР-ТАСС informasiya agentliyinə layihənin rəhbəri professor Sergey Maksimovski bildirib.

Rusiya Elmlər Akademiyasının P.N.Lebedev adına Fizika İnstitutunda yaradılan texnologiya beynəlxalq səviyyədə patentləşdirilib. Layihə rəhbərinin sözlərinə görə, bu proses lazer plazmasında nanokristallaşdırma adlanır. Banknotun üzərinə tərkibində mis molekullarının, həmçinin lantan, skandium kimi nadir metalların olduğu xüsusi məhlul çəkilir.

Alimin bildirdiyinə görə, onların təklif etdikləri nanorəsmi saxtalaşdırmaq üçün fizik və kimyaçılardan ibarət ciddi komandanın yaradılması və 6-7 il lazımdır: “İstənilən halda bu, saxta pul kəsənlərə baha başa gələcək”.

Mütəxəssislərin sözlərinə görə, hətta geyim əşyalarının üzərindəki leyblları və araq şüşələrindəki etiketləri belə saxtakarlıqdan qorumaq lazımdır. Belə ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən müəssisələr tanınmış geyim və içki markalarını saxtalaşdırmaqla qeyri-qanuni yolla milyardlarla dollar məbləğində gəlir əldə edirlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.