Akustik küy və elektron tullantıları problemlərinin analizi və onların həlli yolları ilə bağlı tədqiqatlar davam etdirilir

09 İyul 2021 - 11:53 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2021-ci ilin birinci yarım ili üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev  bildirdi ki, hesabat dövründə şöbə əməkdaşları tərəfindən bir istiqamət, iki problem və iki mövzunun müxtəlif məsələləri üzrə tədqiqat işləri davam etdirilmişdir.

O, qeyd etdi ki, elektron tullantılar problemlərinin analizi və onların həlli yolları mövzusu üzrə MDB ölkələrində onların idarəçiliyi sahəsindəki mövcud vəziyyətin monitorinqi aparılmış, müasir idarəetmə modelləri analiz edilmişdir. Ölkəmizin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və milli  xüsusiyyətlərindən  asılı olaraq milli idarəçilik modelinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmışdır.

Əşyaların İnterneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə tədqiqat işləri də davam etdirilmişdir.

Həmçinin 6 ay ərzində akustik küy idarəçiliyi sahəsində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilmiş və müqayisəli analiz edilmişdir. Eksperimental obyektlərdə  akustik küy çirklənməsi vəziyyətinin monitorinqi aparılmış və küydən mühafizə tədbirlərinin görülməsi istiqamətində təkliflər işlənilmişdir. Bu araşdırmaların eksperimental obyekti kimi Bakı Dövlət Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu götürülmüş, avtonəqliyyat küyünün (küçə küyünün) elmi fəaliyyətə ziyanlı təsirinin qiymətləndirilməsi məsələləri tədqiq edilmiş, küyün  təsirinin azaldılması məqsədilə bir sıra mühafizə tədbirləri təklif eilmişdir.

Şöbə müdiri qeyd olunan mövzular üzrə aparılmış tədqiqat işlərinin nəticələrinə aid  tanınmış elmi jurnallarda, elmi-texniki konfranslarda çap olunmuş məqalə və tezislər haqqında məlumatları da diqqətə çatdırdı.

Daha sonra məruzəçi elmi-innovasiya fəaliyyəti, elmi-pedaqoji fəaliyyət, beynəlxalq elmi-texniki əməkdaşlıq və elmi-təşkilati fəaliyyət, eləcə də elmi-praktiki nəticələrin KİV-də təbliği üzrə görülmüş işlər haqqında məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, çoxsaylı suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün yarımillik hesabatı Elmi şuranın qərarı ilə qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.