E-dövlət mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri tədqiq olunur

07 İyul 2021 - 13:50 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2021-ci il üçün yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, cari ildə informasiya təhlükəsizliyi, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin və bulud sistemlərinin analizi və sintezi problemləri istiqamətlərində müxtəlif mövzular üzrə elmi tədqiqatların aparıldığını bildirdi.

Y.İmamverdiyev e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi problemlərinin tədqiq olunduğunu, bulud sistemlərində və kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodlarının, kompüter şəbəkələrinin intellektual monitorinqi texnologiyalarının və İnternet mühitində kompüter insidentlərinin intellektual analizi metodlarının işləndiyini qeyd etdi. Həmçinin proqram məhsullarının təhlükəsizliyinin qiymətləndirilməsi, zərərli proqram təminatının statik və dinamik analizi, pilotsuz uçuş aparatlarının aşkarlanması üsulları, kiber-fiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokolları üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırdı.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə danışan məruzəçi 20-dən çox məqalənin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu qeyd etdi. “ Web of Science” elmi bazasına daxil olan məqalələr barədə ətraflı məlumat verdi.

Alim şöbənin elmi-innovasiya, elmi-ekspertiza, elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən söz açdı. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Türkiyə, Ukrayna, Qazaxıstan, Polşa, İsveç və Cənubi Koreyanın bir sıra aparıcı elmi tədqiqat qurumları ilə sıx əlaqələrin davam etdirildiyini bildirdi.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirdi. Alim informasiya təhlükəsizliyi problemləri ilə bağlı tədqiqatların xüsusi aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək, şöbədə bu istiqamətdə aparılan elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.