AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2021-ci il üçün yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Təhmasib Fətəliyev 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, cari ildə e-elmin formalaşması problemləri istiqamətində “Science 4.0-ın müasir vəziyyəti, problemləri və perspektivlərinin tədqiqi”, “Industry 4.0 həlləri əsasında vətəndaş elminin trendləri və inkişaf perspektivlərinin tədqiqi” mövzuları üzrə elmi tədqiqatların aparıldığını bildirdi.
T.Fətəliyev Science 4.0 sahəsində müasir vəziyyət və onun reallaşdırılması problemləri, elmi fəaliyyət və elmin idarə olunması məsələlərində Industry 4.0 həllərinin tətbiqi imkanları, Science 4.0 çərçivəsində süni intellektin tətbiqi məsələləri və perspektivlərinin tədqiq olunduğunu, elmin Science 4.0 tələbləri əsasında yenidən qurulmasının konseptual məsələlərinin işlənildiyini qeyd etdi. Həmçinin Industry 4.0 həllərinin vətəndaş elmində tətbiqi imkanları, Industry 4.0 həllərinin vətəndaş elmi və təhsilin qarşılıqlı əlaqələrinin inkişafına təsiri məsələləri, Industry 4.0 konsepsiyası əsasında vətəndaş elminin inkişafı üçün təkliflərin işlənilməsi üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırdı.
Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə danışan məruzəçi bir sıra məqalələrin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu qeyd etdi. “Web of Science” elmi bazasına daxil olan məqalələr barədə ətraflı məlumat verdi.
Alim şöbənin elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən söz açdı. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində İstanbul Haliç Universitetinin Kompüter Mühəndisliyi fakültəsi və “Easy solutions” şirkəti ilə sıx əlaqələrin davam etdirildiyini bildirdi.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirdi. Alim e-elmin formalaşması problemləri ilə bağlı tədqiqatların aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək, şöbədə bu istiqamətdə aparılan elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.