Vətəndaş elmi 4.0-ın təhsil prosesinin inkişafına təsiri tədqiq edilir

02 İyul 2021 - 13:47 | Konfranslar, İclaslar
Vətəndaş elmi 4.0-ın təhsil prosesinin inkişafına təsiri tədqiq edilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Vətəndaş elmi 4.0-ın təhsil prosesinin inkişafına təsirinin tədqiqi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək elm və təhsilin inteqrasiyasının əsas istiqamətlərindən birinin alimlərin təhsildə, müəllim və tələbələrin isə elmi tədqiqatlarda iştirakının artırılmasından ibarət olduğunu diqqətə çatdırdı. Bildirdi ki, elmi biliklərin eksponensial artımı təhsilin keyfiyyətinin yaxşılaşmasına səbəb olur: “Təhsildə də öz növbəsində, yeni əldə olunan biliklər əsasında elmi mühit üçün kadr hazırlığı həyata keçirilir. Beləliklə, elm və təhsil qarşılıqlı əlaqəlidir”.

Sonra məruzəçi vətəndaş elmi, onu xarakterizə edən xüsusiyyətlər, vətəndaşların vətəndaş elmində iştirakı modelləri haqqında şəkil və qrafiklər əsasında ümumi məlumat verdi.

O, vətəndaş elminin təhsillə qarşılıqlı əlaqəsindən söhbət açdı. Qeyd etdi ki, vətəndaş elmində iştirak edən hər bir şəxs eyni zamanda təlim prosesində də iştirak edir. Bu, alimlərin təkcə vətəndaş elmində iştirakı üçün zəruri olan bacarıqların əldə olunmasından deyil, eyni zamanda elmi konsepsiyaların yaxşı başa düşülməsinə kömək edir. Vətəndaş elmi 4.0-ın təhsillə inteqrasiyası formal və qeyri-formal istiqamətlərdə həyata keçirilə bilər.

N.Verdiyeva təhsil 4.0-ı müəyyən edən əsas hərəkətverici qüvvələr kimi müəllimlərin səlahiyyətlərinin artırılmasını, yeni qiymətləndirmə metod və proseslərini, immersiv təcrübəni, zaman və məkan müxtəlifliyini, adaptiv təlimi nümunə göstərdi.

Daha sonra məruzəçi vətəndaş elmi 4.0-ın tələbələr üçün üstünlüklərindən bəhs etdi. Bildirdi ki, bu üstünlüklərə kollektiv əməkdaşlıq, təfəkkür qabiliyyətinin inkişaf etdirilməsi, elmi metodların tətbiqi ilə tanışlıq, sosial vərdişlərin yaxşılaşdırıması daxildir. Ənənəvi tədrislə müqayisədə aktiv tədris tələbələrin müvəffəqiyyətini artırır.

N.Verdiyeva diqqətə çatdırdı ki, aparılan araşdırmalar göstərir ki, vətəndaş elmində istifadə olunan Industry 4.0 həlləri zamanla daha geniş tətbiq taparaq təhsil mühitinə inteqrasiya olunacaq. Dövrümüzdə informasiya texnologiyaları sahəsində artan tərəqqi, eləcə də Industry 4.0 həllərinin verdiyi imkanlar vətəndaş elminin e-elmin yeni bir istiqaməti kimi formalaşmasında mühüm rol oynayacaq.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək məruzəyə dair fikirlərini səsləndirdi, müvafiq istiqamətdə tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.