AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunmuş institutun Dissertasiya Şurasının elmi seminarında tədqiqat işinə dair fikirlərini bölüşüb.
Dissertasiya işi üzrə elmi məsləhətçi kimi çıxış edən akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkib. Elektron dövlətin informasiya təhlükəsizliyi probleminin həllinə yönəlmiş tədqiqat işinin mözusunun dövlət, cəmiyyət və elm üçün son dərəcə əhəmiyyətli olduğunu, dissertasiya işində elektron dövlətin informasiya təhlükəsizliyinin idarə olunması ilə bağlı model və metodların təqdim edildiyini bildirib.
“Müasir dövrdə dünyada kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi anlayışları müxtəlif variasiyalarda istifadə oluna bilir. Hazırda bütün dünyada gedən proseslər informasiya texnologiyalarının və müxtəlif qabaqcıl texnologiyaların tətbiqi ciddi reallıqların ortaya çıxmasına səbəb olmuşdur. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də vardır. Belə ki, bu kimi texnologiyalar bədniyyətli dövlətlər, təşkilatlar və ya şirkətlərin əlində çox təhlükəli alətə çevrilir, ayrı-ayrı dövlətlərə, banklara böyük ziyan vurulur. Bu problem artıq dünyanın taleyini həll edəcək problemlər sırasında qeyd olunur və vəziyyət getdikcə daha ciddi xarakter alır. Bu baxımdan Azərbaycanda da belə bir tədqiqatın aparılması təqdirəlayiqdir”, - deyə akademik vurğulayıb.
Alim qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə informasiya texnologiyalarının cəmiyyətin bütün sferalarında, dövlətin idarə olunmasında və s. geniş tətbiq olunmasına daim xüsusi diqqət yetirilmişdir və bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla, yüksələn xətlə davam etdirilir. Akademikin sözlərinə görə, müvafiq dövlət siyasəti kibertəhlükəsizlik problemini aktuallaşdırır, onunla bağlı problemlərin həllini müxtəlif qurumların, o cümlədən alimlərin qarşısında mühüm vəzifə kimi qoyur və bu səbəbdən artıq bir neçə onillikdir ki, İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi istiqamətində elmi tədqiqatlar aparılır.
Bu gün artıq AMEA-nın qəbul etdiyi prioritetlər arasında informasiya təhlükəsizliyinin getdikcə aktual elmi istiqamət kimi tanındığını bildirən akademik R.Əliquliyev təqdim olunan dissertasiya işində qeyd olunan aktual məsələlərin, eyni zamanda, dövlət sifarişi əsasında yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti və Parlament tərəfindən informasiya texnologiyaları, o cümlədən e-imza, e-ticarət, fərdi və biometrik məlumatlar haqqında qəbul edilmiş bir sıra normativ-hüquqi aktların hazırlanması prosesində, eləcə də, müvafiq dövlət proqramlarının həyata keçirilməsində İnformasiya Texnologiyaları İnstitutu, xüsusən, institutun şöbə müdiri Yadigar İmamverdiyev yaxından iştirak etmişdir.
Alim rəhbərlik etdiyi qurumda bulud əsaslı texnologiyalar, 4-cü Sənaye İnqilabına əsaslanan kiber-fiziki sistemlər, bütün bu texnoloji kritik infrastrukturu əhatə edən elektron dövlət modellərinin araşdırıldığını, elektron dövlətlə bağlı proseslərin daim izlənildiyini və öyrənildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkə səviyyəsində müşahidələrin aparılması, monitorinqlərin keçirilməsi, müntəzəm olaraq ayrı-ayrı kritik strukturlardan, hesabatlardan, beynəlxalq reytinqlərdən, kompüter insidentlərinə qarşı fəaliyyət göstərən texnoloji qruplardan alınan məlumatları toplamaq, analiz etmək, ölkədə bu sahədəki trendləri araşdırmaq, bu istiqamətdə riskləri qiymətləndirmək, ona qarşı tədbirlər görmək müvafiq problemlərin həlli üçün son dərəcə əhəmiyyətlidir.
“Dissertasiya işində əldə olunmuş mühüm elmi nəticələr yalnız Azərbaycanla məhdudlaşmır, problem qlobal xarakter daşıyır. Elmi tədqiqatda irəli sürülən ideyalar, yanaşmalar başqa ölkələrdə də böyük müvəffəqiyyətlə istifadə oluna bilər. Təsadüfi deyil ki, tədqiqat çərçivəsində hazırlanmış məqalələr nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilmiş, informasiya təhlükəsizliyi sahəsində yüksək impakt faktora malik olan elmi nəşrlərdə çap olunmuşdur”, - deyə bildirən alim gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirib.
Akademik R.Əliquliyev dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edərək, tədqiqat işi ilə bağlı Cənubi Koreyanın Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatların İnkişafı Fondu, eləcə də, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikasının Elmin İnkşafı Fondunun qrantlarının əldə edildiyini vurğulayıb.
Elmi məsləhətçi dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırıb. Qeyd edib ki, müzakirə olunan dissertasiya işində alimin bir sıra məsələləri elmi problem kimi ortaya qoyması, onların həlli yollarının tapılması və s. istiqamətlərdə müəyyən elmi nailiyyətlər əldə etməsi mühüm bir prosesin başlanğıcıdır. Artıq ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər formalaşır. Alimlərimizin qarşısında elektron dövlətin informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, milli informasiya təhlükəsizliyi və s. kimi istiqamətlərin araşdırılması vəzifəsinin dayandığını bildirən akademik, tədqiqat işinin gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.