AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın institutun bir qrup doktorant və dissertantının elmi fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu söylədi.
Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması və hesabatların hazırlanmasının vacibliyini vurğulayaraq elmi rəhbərlərə doktorant və dissertantlarla fəal iş aparmağı, onların qarşısına konkret vəzifələr qoymağı tövsiyə etdi. Qeyd etdi ki, əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini koordinasiya etmək və institutda aparılan tədqiqatların keyfiyyətini artırmaqdır.
Sonra institutun doktorantı Ləman Həmidova çıxış edərək “Etnobotanika informasiya sisteminin işlənilməsi” adlı dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işinin məqsədi etnobotanika informasiya sistemlərinin elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənməsi və uzlaşdırılmış vahid verilənlər bazasının yaradılmasıdır.
L.Həmidova dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 4 məqalənin çap edildiyini diqqətə çatdırdı.
Digər doktorant Şəlalə Tahirzadə “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları” mövzusunda dissertasiyanı təqdim edərək, işin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi.
“Sosial media, mobil hesablamalar, Əşyaların İnterneti texnologiyalarının geniş tətbiq edilməsi, müxtəlif verilən mənbələrinin sürətli inkişafı və s. nəticəsində böyük həcmli məlumatlar generasiya edilir. İKT-nin hazırki inkişaf səviyyəsinə baxmayaraq, yaddaş və hesablama resursları baxımından müasir kompüterlər belə böyük həcmli məlumatların analizi üçün məhdud imkana malikdir. Bu səbəbdən böyük həcmli məlumatlardan biliyin aşkarlanması üçün mövcud üsul və metodların inkişaf etdirilməsinə, analiz üçün yeni metod və alqoritmlərin işlənilməsinə ehtiyac vardır”, ─ deyə bildirən Ş.Tahirzadə mövzunun aktuallığını önə çəkdi. Qeyd etdi ki, dissertasiya işinin məqsədi müasir kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli məlumatların analizini həyata keçirməyə imkan verən metod və alqoritmlərin işlənilməsidir.
İnstitutun dissertantı Nərmin Adıgözəlova “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” dissertasiya mövzusunun aktuallığından söz açaraq, informasiya bolluğu şəraitində effektiv qərarların qəbul olunmasının mövcud elmmetrik qiymətləndirmə sistemlərinə (indekslərinə) yenidən baxılması zəruriyyəti yaratdığını bildirdi. Elmi fəaliyyətin qiymətləndirilməsinin müxtəlif səviyyələr (fərd, jurnal, təşkilat və ölkə) üzrə aparıldığını qeyd edərək, mövcud qiymətləndirmə sistemlərinin bir sıra çatışmayan cəhətlərinin beynəlxalq elmi ictimaiyyət tərəfindən dəfələrlə vurğulandığını və onun aradan qaldırılması üçün son illər geniş tədqiqatlar aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, bütün bunları əsas tutaraq, qiymətləndirmə sistemlərinin (indekslərinin) təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Məruzəçinin sözlərinə görə, dissertasiya işinin məqsədi müasir elmmetrik qiymətləndirmə sistemlərinin (indekslərinin) analizi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması üçün yeni indekslərin və ya mövcud qiymətləndirmə indekslərinə modifikasiya olunmuş yeni variantların təklif edilməsidir.
O, dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 2 məqalənin çap edildiyini, 3 məqalənin hazırlandığını və 3 konfrans materialının nəşr olunduğunu bildirdi.
İnstitutun doktorantı Nuranə Cəbrayılova “Korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işinin məqsədi korporativ təhsil mühitində sosial şəbəkələrin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsidir.
O, dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 3 məqalənin hazırlandığını bildirdi.
İnstitutun dissertantı Süleyman Süleymanzadə “Obyekt asılılığı olan rollar əsasında internet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işinin məqsədi süni intellekt modellərinin köməyilə axtarış sisteminə daxil olan ayrı-ayrı altməsələlərin işinin optimallaşdırılması üçün elmi metodların və alqoritmlərin işlənməsidir.
Məruzəçi dissertasiya işinin giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, tədqiqat işi çərçivəsində 1 məqalə və 2 konfrans materialının çap edildiyini, daha 1 məqalənin hazırlanma mərhələsində olduğunu nəzərə çatdırdı.
Hər bir tədqiqatçının dissertasiya işinə dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.