“Elektron ticarət: problemlər və perspektivlər” mövzusunda məruzə dinlənildi

09 İyun 2021 - 10:15 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarı keçirildi.

TİM-in əməkdaşı Sabir Əliyev Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti, Azərbaycanda elektron ticarətə təsir edən  amillər və onların  qiymətləndirilməsi haqqında ümumi məlumat verdi. Qeyd etdi ki, 2000-ci illərin əvvəllərində xəbərləşmə sektoru və texnologiya sahəsində inkişafla birlikdə dünya ölkələri arasındakı sərhədlər də tədricən aradan qalxmışdır. İnternetin  istehlakçıların istək və ehtiyaclarını artırması nəticəsində elektron biznesin həcmi bütün dünyada artmışdır.

Sonra Azərbaycanda elektron ticarətin mövcud vəziyyətindən bəhs edən məruzəçi bildirdi ki, ölkəmizdə elektron ticarət sürətlə böyüyən sektorlardan biridir. Bu vəziyyət əksər dünya ölkələri üçün eyni sayıla bilər. Bunun səbəbləri kimi insanların internetdən alış-veriş vərdişləri qazanmaları, e-ticarət saytlarının fəaliyyətlərini inkişaf etmiş vasitələrlə və daha yaxşı şəkildə həyata keçirmələri sayıla bilər”, - deyə o, əlavə etdi.

S.Əliyev diqqətə çatdırdı ki, UNCTAD (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı) İnternet istifadəçiləri, təhlükəsizlik xidmətləri, onlayn ödəniş sistemləri və s. kimi amilləri nəzərə alaraq hər il e-ticarət indeksi tərtib edir. Azərbaycanın 2019-cu il e-ticarət indeks dəyəri 61,8 olaraq reallaşmışdır.

Daha sonra tədqiqatçı Azərbaycanda elektron ticarətə təsir edən amillər və onların qiymətləndirilməsindən bəhs etdi. Vurğuladı ki, bu amillərə ekoloji,siyasi, iqtisadi, sosial və texnoloji amillər daxildir.

Ekoloji amilləri diqqətə çatdıran məruzəçi söylədi ki, pandemiya İnternet resursların zəruri olduğunu təsdiq etdi. Eyni zamanda aydın oldu ki, əhali və dövlət orqanlarının informasiya texnologiyaları üzrə potensialı inkişaf etdirilməlidir.

O, elektron ticarət zamanı qarşıya çıxan problemləri də sadaladı. Bildirdi ki, bu problemlər arasında məhsulların keyfiyyətini görmədən müəyyənləşdirməyin çətinliyi, onların çatdırılma müddətinin qeyri-müəyyənliyi, eyni zamanda saytların etibarlılığını müəyyənləşdirməklə bağlı çətinliklər də var.

Sonda S.Əliyev qeyd etdi ki, onlayn alış-verişdə istehlakçıların təhlükəsizliyi, tərəflərin və vasitəçilərin məsuliyyəti qanunvericiliklə bağlı tənzimləmələrdə nəzərə alınmalıdır. Vergiyə cəlbedilmə, ödəniş və çatdırılma üsullarının inkişaf etdirilməsi lazımdır: “İstehlakçıları və onların fərdi məlumatlarını qorumaq üçün tədbirlər görülməlidir. Veb-saytların təhlükəsizliyinin artırılmasına və optimallaşdırılmasına daha çox əhəmiyyət verilməlidir. Eyni zamanda e-ticarət qlobal informasiya və iqtisadiyyat tətbiqlərinin ayrılmaz bir parçası olduğu üçün texniki standartlar və tətbiqlər beynəlxalq normalara uyğun olaraq təyin olunmalıdır”.

Seminarın sonunda mövzu ilə əlaqədar fikir mübadiləsi aparıldı, tədqiqatçı sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.