Loq faylların Squid Proxy vasitəsilə MySql verilənlər bazasına köçürülməsi üçün alqoritm işlənilir

08 İyun 2021 - 10:02 | Konfranslar, İclaslar
Loq faylların Squid Proxy vasitəsilə MySql verilənlər bazasına köçürülməsi üçün alqoritm işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin “Loq faylların Squid Proxy vasitəsilə MySql verilənlər bazasına köçürülməsi üçün alqoritmin işlənilməsi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova çıxış edərək qeyd etdi ki, işdə loq faylların növləri, istifadəsi, nümunələri bu sahədə olan bəzi ədəbiyyatlar təhlil edilmişdir. Bəzi loq analiz funksiyaları və xüsusiyyətləri, veb loqlar, növləri, onlardan faydalı məlumatların alınması və s. araşdırılmışdır.

Loq faylların mətn sənədlərindən müxtəlif verilənlər bazalarına köçürtmək əsas məsələlərdən biridir. Bu hallar üçün Squid proxy ən yaxşı proqram paketlərindən biri hesab olunur. Loq fayllar üçün Squid proxy-dən istifadə etməlklə MySQL bazasına məlumatların köçürülməsi üçün alqoritm işlənilmişdir.

Onun sözlərinə görə, loq fayl veb-saytda və ya serverdə baş verən bütün hadisələrin ardıcıl qeydini aparan sənəddir. Loq faylı hər hansı bir mətn redaktorunda asan açıla bilən mətn faylıdır. Bir çox loq faylları çox böyük həcmə malikdirlər. Texniki problemlər, saytın əlçatmazlığı, virusa yoluxma, haker hücumları və DDoS (Distributed Denial of Service) hücumu olduqda, administrator səbəbi tapmaq üçün loq faylda qeyd olunan məlumatlardan istifadə edə bilir ki, bu da arzuolunmaz hadisələrin aradan qaldırılmasını asanlaşdırır və sürətləndirir. Jurnalların müntəzəm olaraq görüntülənməsi, şəbəkədəki bütün səhvlərin (xüsusilə gizli səhvlərin) aşkarlanması, həmçinin sayt ziyarətləri üzrə zərərli fəaliyyəti aşkarlayaraq statistikanı toplamaq imkanını yaradır.

Gündəlik məlumatların köməyi ilə İnternet administratoru saytdakı ziyarətçilərin davranışlarını öyrənə və trafikin keyfiyyətini qiymətləndirə bilər, trafik keyfiyyətinin yaxşılaşdırılması üçün tövsiyələr hazırlaya bilər, saytın tanıtımı və onun üçün ən yaxşı strategiyaları seçə bilər.

Ş.Mahmudova loqların növləri, onların üstün və çatışmayan cəhətləri barədə də məlumat verdi.  Qeyd etdi ki, loq faylların istifadə sahəsi genişdir. Bu tip fayllar bir proqram prosesinin tarixini izləmək, alətlərin vəziyyətini qeyd etmək, istifadəçinin fəaliyyətini izləmək və təhlükəsizliyi təmin etmək və s. üçün istifadə olunur.

Loq faylların mətn sənədlərindən müxtəlif verilənlər  bazalarına köçürmək əsas məsələlərdən biridir. Bu hallarda istifadə üçün Squid proxy ən yaxşı proqram paketlərindən biridir.  Bunun üçün müxtəlif verilənlər bazasından istifadə olunur.  Məsələn, MySQL, MS SQL, SyBase, Transact-SQL və s. 

Məruzəçi bildirdi ki, Squid proxy server şəbəkə trafikinin loq fayllarının toplanması və idarə olunması prosesini həyata keçirmək üçün istifadə olunur. Squid  proxy yığılan loq faylları üçün  geniş  imkanlar yaradır. Squid – HTTP, FTP, Gopher və (konfiqurasiya olunduğu təqdirdə) HTTPS üçün keşləşdirmə proxy server funksiyasını həyata keçirən proqram paketidir. Açıq mənbə proqramı olaraq hazırlanmışdır (uyğun olaraq GNU GPL lisensiyazı əsasında yayılmışdır).

Loq fayldan mətn tipli məlumatı Squid Proxy proqram paketi vasitəsilə MySQL verilənlər bazasının cədvəlinə köçürtmək üçün xüsusi skriptlərdən istifadə olunur.  Məruzəçi hazırlanmış alqoritm haqqında geniş məlumat verdi.  İşlənmiş alqoritm  nəticəsində MySQL bazasında loq faylından Squid Proxy proqram paketi vasitəsilə alınmış məlumatlar yığılmışdır.  Bu bazada faydalı məlumatları saxlayıb lazımsız məlumatları silmək olar. Bu həm proqramın sürətlə işləməsinə və verilənlərdən düzgün məqsədlər üçün istifadə edilməsinə  kömək edəcəkdir”, deyə - Ş.Mahmudova əlavə etdi.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, tədqiqat işinə dair sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.