AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bu qurumda vaxtilə çalışmış, hazırda isə öz fəaliyyətini xarici ölkələrdə davam etdirən gənc əməkdaşlarla keçirilən onlayn görüşdə ölkə elminin inkişafında gənclərin rolundan və onlara dəstək göstərilməsinin vacibliyindən bəhs edib.
Akademik Ali baş komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun işğal altında olan torpaqları düşmən tapdağından azad etdiyini, bu tarixi zəfərdən sonra dünya azərbaycanlılarının daha çox birlik və həmrəylik nümayiş etdirdiklərini deyib. AMEA-nın vitse-prezidenti Azərbaycan gəncinin 44 günlük müharibədə öz sözünü deyərək tarixi missiyanı həyata keçirdiyini, vətənpərvərliyi ən yüksək səviyyədə bütün dünyaya nümayiş etdirdiyini deyib. Qəhrəman gənclərimizin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliyini ifadə edib.
Eyni zamanda ölkəmizin intellektual potensialının səfərbər olunması, Azərbaycan elmi diasporasının formalaşması və inkişafında hər kəsin fəal iştirakının son dərəcə zəruri olduğunu, İnformasiya Texnologiyaları İnstitutunun 50 illik yubileyi ərəfəsində institutun da elmi diasporasının formalaşması məsələsinin aktuallıq kəsb etdiyini söyləyib.
İnformasiya texnologiyaları sahəsində elmi diasporanın formalaşmasından danışan R.Əliquliyev bu sferada fəaliyyət göstərən istedadlı gənclərə qayğı və dəstək göstərilməsi, birgə intellektual faəliyyətin təşkili, ortaq layihələrin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə inamını ifadə edib: “İnstitutda fəaliyyət göstərən gənc alim və mütəxəssislərin nüfuzlu beynəlxalq elm və təhsil mərkəzlərində həyata keçirilən layihələrdə iştirak etməsi, xaricdə fəaliyyət göstərən həmkarlarımızın bu işə cəlb olunması, eləcə də onların vasitəsilə təhsil aldıqları ali məktəblərlə əlaqələrin qurulması, virtual texnologiyaların imkanlarından istifadə etməklə birgə konfransların təşkili institutun dünya elminə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır”.
Akademik R.Əliquliyev Elmi şuranın üzvləri, şöbə rəhbərləri və bütövlükdə institutun kollektivini bu istiqamətdə fəaliyyəti inkişaf etdirməyə, xaricdə fəaliyyət göstərən həmkarlarımızla münasibətləri bərpa etməyə, yeni təşəbbüslər irəli sürməyə çağırıb.
“Yüksək keyfiyyətli insan resursları ən böyük sərvətimizdir”, - deyən alim, Azərbaycan mədəniyyətinin daşıyıcısı olan istedadlı gənclərin yetişdirilməsi, onlara qayğı və dəstək göstərilməsinin əhəmiyyətini önə çəkib. İnstitutun əsas fəaliyyət istiqamətlərindən birinin də gənclərlə məqsədyönlü işlərin aparılması olduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.