AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Əfruz Qurbanova de-terminləşmə prosesi və terminoloji proseslərin riyazi təsviri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, istənilən bilik sahəsinin terminologiyası hər hansı bir dilin lüğət tərkibinin ən dinamik və ayrılmaz hissəsidir. Belə ki, yeni terminlərin yaranması ilə dilin lüğət tərkibi zənginləşir və inkişaf edir. İnsanın peşəkar fəaliyyətinin müxtəlif sahələrində, ilk növbədə, ən yeni texnologiyalar, bazar iqtisadiyyatı və bir çox digər sahələrdə terminoloji leksikanın nəhəng artımı dildə baş verən “terminoloji partlayış”dan danışmağa imkan verir.
“Hər gün işlənən, adi sözün terminə çevrilməsi terminləşmə, terminin ümumişlək dilə daxil olması isə de-terminləşmə prosesidir. Termin dərketmə prosesində doğulan, formalaşan, dərinləşən dinamik bir fenomendir”, – deyə bildirən Ə.Qurbanova qeyd etdi ki, de-terminləşmə prosesi terminin müəyyən ixtisaslaşmış sahədən ümumişlək sözə keçididir.
Terminlərin formalaşması proseslərinin öyrənilməsinə diaxron və sinxron yanaşmalardan söz açan məruzəçi ümumi ədəbi dilin terminoloji leksika ilə qarşılıqlı əlaqəsinin terminoloji sistemlərin dinamikasının göstəricisi olduğunu, bunun terminləşmə, de-terminləşmə və re-terminləşmə proseslərində özünü göstərdiyini bildirdi.
O, müasir terminologiyanın terminoloji informasiya mühitinin vəziyyətinə nəzarətin metodlarını – terminoloji mühitin qorunması, öyrənilməsi, monitorinqi, terminoloji fəaliyyətin bütün aspektlərini özündə cəmləşdirdiyini söylədi. Bütün bunların terminoloji informatikanın predmetini müəyyənləşdirdiyini, buraya da terminoloji problemlərin həllində istifadə edilən riyazi modellər və metodların daxil olduğunu bildirdi. Qeyd etdi ki, terminoloji informatikanın fundamenti terminologiyanın dinamikasını, riyazi modelini təşkil edir. Belə yanaşmada terminlərin sayının dinamikası haqqında terminoloji təsəvvür onların qarşılıqlı münasibətlərinin riyazi təsviri şəklində formalaşdırılır. Terminoloji proseslərin riyazi modelləşdirilməsində əsas məqsəd milli terminoloji informasiya sistemində baş verən terminoloji prosesləri riyazi qanunauyğunluqlar əsasında formalaşdırmaq və sistemin ümumi analizi üçün bu proseslərin təzahür formasını üzə çıxarmaqdır.
“Tədqiqat nəticəsində məlum oldu ki, terminologiya daim inkişafda olan bir sahədir. Yeni bilik sahələrinin yaranması ilə yeni terminlər dilimizə sel kimi daxil olur. Digərtərəfdən,müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının və sosial media vasitələrinin sürətli inkişafı sayəsində meydana gələn terminlər çox sürətlə yayılır, populyarlaşır, məkan sərhədlərini aşır və de-terminləşir. Bu proses terminologiyanın dinamikliyinin nəticəsidir”, – deyə Ə.Qurbanova söylədi. Milli terminoloji informasiya sistemi çərçivəsində bu proseslərin analiz olunaraq formalaşdırıldığını, terminoloji proseslərin riyazi təsvirinin populyasiya modelinin tətbiqi vasitəsilə aparıldığını qeyd etdi.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, tədqiqat işinə dair sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.