AMEA-nın Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

28 May 2021 - 13:53 | Mühüm hadisələr
AMEA-nın Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

Möhtərəm cənab Prezident!

Sizin qətiyyətiniz və müdrik rəhbərliyiniz, eləcə də müzəffər ordumuzun misilsiz şücaəti sayəsində 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası 2021-ci ildə öz Ümumi yığıncağını tamamilə fərqli bir ab-havada, qalib ölkənin elm məbədi kimi xüsusi bir fərəh hissi ilə keçirir. Şübhəsiz ki, bu yığıncaq AMEA-nın tarixinə əlamətdar, yaddaqalan hadisə kimi həmişəlik həkk olunacaqdır.

Ordumuzun uğurlu hərbi əməliyyatları Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması digər dövlət qurumları kimi, Milli Elmlər Akademiyasının fəaliyyətində də köklü, bəlkə də inqilabi dəyişiklikləri zəruri edir. Diqqətinizə çatdırmaq istəyirik ki, hələ Vətən müharibəsinin ilk günlərindən başlayaraq, AMEA-nın Rəyasət Heyətinin iclaslarında, eləcə də Akademiyanın bir sıra digər qurumlarının toplantılarında yeni dövrün reallıqları, çağırış və təhdidləri ciddi şəkildə müzakirə edilmiş, qarşıda duran təxirəsalınmaz vəzifələrin elmi əsaslarla həlli istiqamətində xeyli maraqlı fikirlər söylənilmiş, təkliflər irəli sürülmüşdür. Əmin ola bilərsiniz ki, həmin təkliflərin hər biri diqqətlə araşdırılmış, ümumi işimizə töhfə vermək potensialına malik bütün təşəbbüslər Akademiyanın mövcud imkanları nəzərə alınmaqla elmi cəhətdən qiymətləndirilmişdir və bu proses daim davam etdirilir.

Biz yaranmış yeni reallıqda Azərbaycan dövləti və xalqı qarşısındakı məsuliyyətimizi yaxşı dərk edirik. Heç kəs şübhə etməsin ki, ölkəmizin bu qocaman elm ocağı Qarabağın bərpası işində əsla kənarda qalmayacaq, onilliklərlə toplanmış zəngin təcrübədən bəhrələnərək, dövlətimizin qarşıya qoyduğu strateji tapşırıqların icrası üçün tələb olunan elmi dəstəyi var qüvvəsi ilə təmin edəcəkdir.

Cənab Prezident!

Ölkəmizdə və regionda meydana çıxan yeni reallıqların Milli Akademiyanın alimləri tərəfindən müzakirələri nəticəsində gəlinən qənaət, həmçinin cərəyan edən mürəkkəb proseslərin, eləcə də dünya elmində müşahidə edilən yeni tendensiyaların təhlili Azərbaycanda fundamental elmin doktrinasına yenidən, əsaslı şəkildə baxılmasını tələb edir. Bu tam təbii qarşılanmalıdır, çünki hər zaman hər bir növbəti tarixi mərhələ yeni təfəkkürlə, yeni hədəflərlə və fərqli yanaşmalarla müşayiət olunur. Dövlət idarəçiliyinin və ictimai fəaliyyətin bütün sahələri yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Əks təqdirdə qarşıya qoyulan vəzifələrin keyfiyyətli icrasından, rəqabətədavamlılıqdan, dünya iqtisadiyyatına əsaslı inteqrasiyadan söhbət gedə bilməz.

Elmi fəaliyyət sahəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına vacib, strateji məsələlərdən biri kimi baxmaq lazımdır. Çünki ölkəmizin gələcək inkişafı naminə atılacaq addımların, göstərilən təşəbbüslərin dayanıqlılığı, effektivliyi bilavasitə onların keyfiyyətli elmi zəminindən asılıdır. Müasir dövrün təcrübəsi göstərir ki, hazırda dünya ölkələrinin tərəqqisi, rifahı və qüdrəti onların yeraltı və yerüstü sərvətlərindən, təbii ehiyatlarından, insan resurslarından daha çox elmi-texniki imkanlarının miqyası, düşünülmüş iqtisadi siyasəti ilə müəyyən olunur. Elmi yanaşma olmadan qeyd olunan amillərin təmin edilməsi mümkünsüzdür.

Cənab Prezident!

Deyilənləri nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağı aşağıdakı vəzifələri yeni dövrün elmi fəaliyyətində başlıca hədəflər olaraq müəyyən etmişdir:

1. Elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyası

Təcrübə göstərir ki, elm və təhsil sözün bütün mənalarında bir-birinin davamıdır. Alim təhsil sisteminin hazırladığı yekun məhsuldur. Bu məhsulun keyfiyyəti təhsil mərhələsində formalaşır. Müasir təhsil sistemi olmadan dövrün tələblərinə cavab verən tədqiqatçıların hazırlanması qeyri-mümkündür. Təhsil sistemi yeni dövrün ixtisaslarının öyrənilməsinə, müasir təmayüllərin araşdırılmasına həssaslıqla yanaşmalı, daim dünya təcrübəsini təhlil etməli, zamanın çağırışları ilə ayaqlaşmağı bacarmalıdır. Bu istiqamətdə ali təhsil müəssisələrimiz Milli Elmlər Akademiyasının potensialından geniş şəkildə bəhrələnməli, mütəxəssis hazırlığı prosesində AMEA-nın imkanlarından əməli surətdə istifadə etməlidir. Sözügedən əməkdaşlığın davamlı zəminə əsaslanması Azərbaycanda müasir dövrün təhsil və elm sisteminin təşkili prosesini sürətləndirməyə kömək edəcəkdir.

2. Ordu quruculuğunda müasir elmi yanaşmaların tətbiqi

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi, həmçinin dünyanın müxtəlif nöqtələrində aparılan döyüş əməliyyatlarının təhlili yeni dövrün hərb elmində əsaslı dəyişikliklərin baş verdiyini əyani şəkildə nümayiş etdirir. Bu dəyişikliklərin əsasən texnoloji yeniliklərlə, daha dəqiq desək, pilotsuz aviasiya vasitələrinin geniş tətbiqi ilə bağlı olduğu danılmazdır. Sirr deyil ki, ölkəmizin işğalçı Ermənistan üzərində qazandığı tarixi qələbənin əldə edilməsində bu döyüş texnikası növünün böyük rolu olmuşdur. Döyüş əməliyyatlarında toplanmış təcrübə Azərbaycan elmi və hərbi sənayesi qarşısında tamamilə yeni hədəflər müəyyənləşdirmişdir. Ölkəmizin daxili imkanları və yerli elmi-texniki potensialı hesabına keyfiyyətli pilotsuz ucuş aparatlarının hazırlanması və istehsalı bu hədəflər arasında xüsusilə mühüm yer tutur. Qarşıya qoyulan vəzifələrin icrası AMEA-dan rəqəmsal texnologiyalar sahəsində yeni, əsaslı tədqiqatların aparılmasını tələb edir.

3. İnformasiya cəmiyyətinin yaradılması və virtual idarəçiliyin elmi əsaslarının formalaşdırılması

Yeni dövrün və müasir cəmiyyətin inkişafının təməlində informasiya texnologiyalarının dayandığı danılmaz həqiqətdir. Koronavirus pandemiyasının ortaya çıxardığı reallıqlar virtual idarəçiliyin, həmçinin yeni texnologiyaların əhəmiyyətini bir daha sübut etmiş oldu. Bu mənada Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdən biri də informasiya cəmiyyətinin yaradılmasında, virtual idarəetmə məkanının formalaşdırılmasında yaxından iştirak etməkdir. Qarabağ bölgəsində başlanılmış quruculuq işləri çərçivəsində “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin keyfiyyətli icrası da birbaşa yeni texnologiyaların inkişafından asılıdır. AMEA-nın alimləri bu reallıqları görür, dünyada süni intellektin, yeni insan nəslinin formalaşdırılması istiqamətində işləri diqqətlə izləyirlər. Dünya elmində cərəyan edən bu təmayülün ölkəmizin inkişafına verə biləcəyi faydalar ətraflı şəkildə öyrənilməli, sözügedən istiqamətdə atılacaq hər bir addım aidiyyəti dövlət qurumları ilə birgə elmi şəkildə əsaslandırılmalıdır.

4. Ölkənin təbii ehtiyatlarının qorunması və istifadəsinə dair yeni elmi yanaşmanın ortaya qoyulması

Azərbaycanın yeraltı və yerüstü sərvətləri, xüsusilə neft-qaz ehtiyatları ölkə iqtisadiyyatının inkişafında müstəsna rola malikdir. Lakin eyni zamanda unutmaq olmaz ki, müasir dövrdə dünyada ərzaq təhlükəsizliyi və içməli su mənbələrinin axtarılıb tapılması və səmərəli istifadəsi istiqamətində ciddi müzakirələr gedir. Ölkəmiz mühüm elmi yanaşmalar tətbiq etməklə içməli su mənbələrinin mühafizəsi, həmçinin bu istiqamətdə mümkün ixrac potensialının yaradılması məsələlərinə diqqət göstərməlidir. Eyni zamanda ekoloji və bioloji təhlükəsizliyin qorunması problemi də müasir dövrdə AMEA qarşısında duran mühüm elmi problemlərdəndir.

5. Ana dilimizin və mədəniyyətimizin inkişafı, yeni dövrün reallıqları çərçivəsində milli kimliyimizin qorunması

Məlumdur ki, XX əsrin ikinci yarısından etibarən xüsusilə geniş vüsət almış qloballaşma prosesi milli identikliyin qorunmasına olduqca ciddi təhdidlər yaradır. Yeni texnologiyaların sürətli inkişafı, vahid virtual məkana inteqrasiya bu prosesə xüsusilə neqativ təsir göstərir. Belə bir şəraitdə ana dilimizin inkişafı və zənginləşməsi, rəqabətədavamlı dilə çevrilməsi, milli irsimizin, tarixi yaddaşımızın, kimliyimizin qorunması dövlətimiz, elmimiz üçün prioritet məsələlərdəndir. Bu da bir həqiqətdir ki, ayrı-ayrılıqda nə dövlət, nə də AMEA bu tapşırıqların öhdəsindən lazımi səviyyədə gələ bilməz. Bunun üçün elmi potensialla inzibati resurslar birləşdirilməli, vahid konsepsiya və yol xəritəsi işlənib hazırlanmalıdır. Əminliklə bildiririk ki, qeyd olunan məsələlər humanitar və ictimai elmlər sahəsində AMEA-nın prioritetini təşkil edir.

6. AMEA-nın iqtisadi müstəqilliyinin təmin edilməsi

Bu gün dünyanın inkişaf etmiş dövlətlərinin hamısında elm sahəsi dövlət büdcəsinə ciddi gəlirlər gətirir. Belə qurumların demək olar ki, heç biri maliyyə baxımından dövlətdən asılı deyil. AMEA-nın belə bir təşkilata çevrilməsi üçün ötən ildən Sizin birbaşa tapşırığınızla zəruri addımlar atılır. Doğrudur, Elmlər Akademiyasının iqtisadi müstəqilliyinin təmin olunması üçün hələ çox işlər görülməlidir. Ancaq əmin ola bilərsiniz ki, istər inzibati idarəçiliyin təkmilləşdirilməsi, istərsə də elmin təşkili istiqamətində tələb olunan bütün addımlar atılacaqdır. AMEA-da hər kəs yaxşı başa düşür ki, şəffaflıq, müasirlik və sağlam iş mühiti təmin edilmədən ciddi nəticələrin əldə edilməsi qeyri-mümkündür. Akademiyanın öz iqtisadi müstəqilliyini əhəmiyyətli dərəcədə təmin etməsi onun gələcək mövcudluğunun da təminatçısıdır. Akademiya büdcəyə yük deyil, dəstək olmalıdır. Bu formul AMEA-da bütün islahatların təməlini təşkil etməkdədir.

7. AMEA-nın ölkənin xarici və daxili siyasətinin icrasında fəal iştirakı

Vətən müharibəsində əldə edilən zəfər, həmçinin regionda gedən mürəkkəb geosiyasi proseslər xarici siyasətin elmi əsaslandırılmasını zərurətə çevirmişdir. AMEA bu prosesdən kənarda qalmamalı, istər analitik materialların hazırlanmasında, istərsə də xarici siyasətin icrası ilə bağlı aktual təkliflərin irəli sürülməsində yaxından iştirak etməlidir. Təcrübə göstərir ki, həm xarici, həm də daxili siyasətin effektiv və uğurlu icrası düzgün elmi əsaslandırmadan və proqnozlaşdırmadan çox asılıdır. Bu məqsədlə AMEA-da siyasi elmlər sahəsində tədqiqatlarla məşğul ola biləcək ayrıca qurumun yaradılmasına ehtiyac vardır. Sizin razılığınızla belə bir qurumun formalaşdırılması ümumi işin xeyrinə olardı.

Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli kollektivi ölkəmizdə Sizin rəhbərliyiniz altında başlanmış islahatlar və yenilənmə prosesinin zəruriliyini dərk edir, onu tam mənada dəstəkləyir. Dövlətimizin daha da inkişafı, müasirləşməsi və güclənməsi sahəsində apardığınız uğurlu fəaliyyətdə yaxından iştirak etmək Akademiya əməkdaşlarının səmimi istəyidir. Xüsusilə də işğaldan azad olunmuş torpaqların bərpası işinə qoşulmağı hər birimiz müqəddəs vətəndaşlıq borcu kimi dəyərləndiririk.

Sizi əmin edirik ki, həmişə olduğu kimi, bu mühüm, eyni zamanda müqəddəs vəzifənin icrasında da Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Sizinlə birgə addımlamağa, verəcəyiniz tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə hazırdır. Alimlərimiz dövlətimizin güclənməsinə, ölkəmizin çiçəklənməsinə və müasirləşməsinə töhfə verməyi özləri üçün hər zaman şərəf hesab etmişlər. Bundan sonra da onların mövqeyi dəyişməz olaraq qalacaqdır!

science.gov.az