AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Qarabağın işğal altında olmuş ərazilərindən köçürülmüş əhalinin demoqrafik və tibbi-demoqrafik tərkibinin dinamikasının statistik məlumatlar və retroperspektiv proqnoz əsasında tədqiqi: tədqiqatın vəziyyəti və mövcud problemlər” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova şöbədə bu istiqamətdə elmi tədqiqatların AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” Qərarı və 15 saylı şöbənin 2021-ci il üçün təsdiq olunmuş fəaliyyət planının 1.5 bəndinin icrası çərçivəsində aparıldığını qeyd etdi.
M.Məmmədova problemin aktuallığından bəhs edərək söylədi ki, 1988-ci ildən başlayan erməni işğalı nəticəsində demoqrafik proseslərdə neqativ meyllər meydana gəlmiş, lakin son 30 ildə Qarabağın işğal altında olmuş ərazilərindən məcburi köçkün düşmüş əhalinin demoqrafik vəziyyəti ilə bağlı tədqiqatlar aparılmamışdır. Məruzəçi hazırda Qarabağa Böyük qayıdışla bağlı işğal altında olmuş ərazilərdən köçürülmüş əhalinin müfəssəl demoqrafik və tibbi-demoqrafik tərkibinin müəyyən edilməsi aktuallığını yarandığını qeyd etdi.
O, tədqiqatın Qarabağın işğaldan azad olunmuş ərazilərindən köçürülmüş əhalinin müxtəlif kəsimlər üzrə say dinamikasında və strukturunda baş vermiş demoqrafik dəyişikliklərin təhlili və meyllərin aşkarlanması məqsədi ilə aparıldığını söylədi.
Məruzəçi məqsədə nail olmaq həlli nəzərdə tutulmuş məsələlər haqqında məlumat verdi. Tədqiqatçı bu məsələlərin əsas demoqrafik, tibbi-demoqrafik göstəricilərin və demoqrafik təhdidlərin müəyyənləşdirilməsi, tədqiq edilən ğöstəricilər üzrlə işğaldan azad olmuş ərazilərdən köçürülmüş əhalinin regional kəsimlərdə dəyişmə meyllərinin qiymətləndirilməsi və alınmış nəticələrə görə demoqrafik təhdidlərin təhlükə səviyyəsinin təyin edilməsi, Qarabağın işğala məruz qalmış ərazilərinin əhalisinin müxtəlif demoqrafik kəsimlərdə retroperspektiv proqnozunun verilməsi və emal edilmiş indikatorlar üzrə alınmış nəticələrin bu indikatorların mövcud qiymətləri ilə müqayisəli təhlilinin aparılması, Vətən müharibəsinin demoqrafik fəsadlarının tədqiq edilməsindən ibarət olduğunu diqqətə çatdırdı.
Prof. M.Məmmədova elmi-tədqiqat işinin informasiya bazasının formalaşdırılması üçün istifadə edilmiş rəsmi mənbələr və görülmüş işlərdən bəhs etdi. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları üzrə toplanmış demoqrafik və tibbi-demoqrafik göstəricilər haqqında məlumat verdi.
Sonra məruzənin həmmüəlifi, 15 saylı şöbənin böyük elmi işçisi Minarə Manaflı tərəfindən hazırlanmış Şuşa rayonunun nümunəsində bir sıra indikatorlarlara dair zaman sıraları təqdim edildi.
Sonda işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı elmi-tədqiqat işinin informasiya bazası və göstəricilər sisteminin formalaşması ilə bağlı problemlər və növbəti addımlar müzakirə edildi, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.