Hər bir nəsil mobil rabitənin istifadə etdiyi standartlar - mobil rabitə sisteminin işləməsini təmin edən texniki parametrlər və qaydalar sistemidir. Bu standartlar həm də onların reallaşması üçün tətbiq edilən texnologiyalar ilə xarakterizə olunur.
Bu barədə institutun proqramçısı Təbriz Ağaşov AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin “Mobil rabitə texnologiyaları: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr edilmiş onlayn elmi seminarında çıxışı zamanı məlumat verib.
Mobil rabitə texnologiyaları barədə ümumi məlumat verən məruzəçi 1-ci nəsil şəbəkə texnologiyasından (1G) bəhs edərək qeyd edib ki, ötən əsrin 80-ci illərində birinci nəsil 1G telekommunikasiya sistemi yaradılıb. Bu sistem Avropada NMT (Nordic Mobile Telephone system) və TACS (Total Access Communications System), ABŞ-da isə AMPS (American Mobile Phone System) texnologiyalar vasitəsilə reallaşdırılıb.
2G texnologiyasından söhbət açan T.Ağaşov diqqətə çatdırıb ki, 1982-ci ildə CEPT (The European Conference of Postal and Telecommunications Administration) Avropanın yerüstü mobil rabitə sistemini öyrənmək və inkişaf etdirmək üçün GSM (Groupe Special Mobile, sonradan Global System for Mobile Communications adı ilə əvəzləndirildi) işçi qrupu yaradıb. Bu qrup tərəfindən ümumi istifadə üçün yeni rəqəmsal mobil rabitə - ikinci nəsil mobil sisteminin (2G, yaxud GSM) əsası qoyulub.
O bildirib ki, 2.75G texnologiyası GSM standartı əsasında yaradılmış və GPRS-in təkmilləşdirilmiş yeni EDGE (2.75G) radiointerfeysidir. Bu texnologiya verilənlərin ötürülmə sürətini 384 kbit/s-yə qədər artırmağa imkan verir.
T.Ağaşov 3-cü nəsil mobil şəbəkələrin (3G) beynəlxalq texnologiyalara və standartlara əsaslanan simsiz şəbəkələr olduğunu, 1988-ci ildə Yaponiyanın “NTTdocomo” şirkəti tərəfindən yaradıldığını vurğulayıb: “3G Amerikada 2002-ci ildən, Avropada isə 2003-cü ildən istifadə olunub. Üçüncü nəsil mobil şəbəkələrdə olan texnologiyalar əvvəlkilərindən fərqli olaraq sadəcə səs danışıqlarını əsas götürməyib, eyni zamanda internet xidmətinə də üstünlük verilib”.
O, qeyd edib ki, 3G istismara verildikdən sonra videozəng, genişzolaqlı İnternet, mobil televiziya, videonəzarət xidmətlərindən istifadə etmək mümkün oldu. 3-cü nəsil şəbəkənin mobil telefonlarda genişzolaqlı internetə qoşulma, mobil ticarət imkanının yaradılması, şəbəkənin böyüktutumlu olması və s. üstünlükləri ilə yanaşı, bu sahədə bəzi problemlər də mövcuddur. Bunlara bəzi ölkələrdə 3G xidmətləri üçün yüksək ödənişlərin olması, 3G mobil telefon xərclərinin yüksək olması və 3G telefon batareyasının istifadə müddəti aiddir.
Sonra 4G haqqında məlumat verən tədqiqatçı qeyd edib ki, bu sistem 2009-cu ildə “Telia Sonera” şirkəti tərəfindən yaradılıb. Onun xidmətlərindən isə ilk olaraq Stokholm və Oslo şəhərlərinin sakinləri istifadə ediblər. 4-cü nəsil şəbəkə texnologiyaları WiMax və LTE standartlarını dəstəkləyir. WiMax daha uzun məsafəyə ötürmə, yüksək sürət və daha ucuz olması ilə fərqlənir. Lakin daha yüksək enerji sərfiyyatına da səbəb olur.
Məruzəçi diqqətə çatdırıb ki, LTE rabitə standartı isə 2004-cü ildə 3GPP telekommunikasiya orqanı tərəfindən yaradılıb. LTE şəbəkələri geniş əhatə dairəsi, yüksək etibarlılıq, yüksək performans, əlverişli qiymətlər və s. xidmətlər təklif edir.
Daha sonra T.Ağaşov 5-ci nəsil şəbəkə texnologiyasından (5G) danışıb. Onun sözlərinə görə, 5G son onillikdə ən çox danışılan texnologiyalardan biridir və 2019-cu ildə geniş yayılan rəqəmsal mobil şəbəkələr üçün yeni nəsil simsiz şəbəkə texnologiyasıdır. 5G saniyədə 20 Gb-ə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 GHs və yuxarı) mümkündür.
5-ci nəsil şəbəkə texnologiyasının tarixindən danışan məruzəçi söyləyib ki, 2013-cü ildə “Samsung Electronics” 5G sistemini hazırladı. 5G avadanlıqlarının əsas təchizatçıları isə Huawei, Nokia və Ericsson şirkətləridir. Diqqətə çatdırdı ki, 5G-nin əsas tətbiq sahələri Əşyaların İnterneti, Bulud texnologiyası, enerji, təsərrüfat və səhiyyə sahəsidir.
Məruzəçinin sözlərinə görə, 5-ci nəsil şəbəkə texnologiyasının sürəti və daha yüksək tutum qabiliyyəti şəbəkələrin daha çox məlumat idarə etməsinə imkan verəcək və Əşyaların İnternetinin (İoT) inkişafına da kömək edəcək. Bulud texnologiyasında saxlanılan məlumatların dərhal sürətli yüklənməsi və hesablanması kimi xidmətlər yerinə yetirilir. Beşinci nəsil rabitə sistemlərində istifadə olunan cihazlar vasitəsilə məlumatların toplanmasına, enerji infrastrukturunun daha səmərəli planlaşdırılmalarına və yaranan fasilə müddətini azaltmaq üçün tədbir almasına kömək edəcək.
Beşinci nəsil rabitə sisteminin yüksək sürəti və geniş əhatə dairəsinə sahib olması Əşyaların İnternetinin kənd təsərrüfatında çox istifadə olunmasına və daha çox tətbiqetmənin ortaya çıxmasına səbəb olacaq. Bundan əlavə 5G səhiyyə sahəsində də geniş istifadə olunur və 5G texnologiyası bu sahə üçün, yeni imkanlar, yeni xidmətlər də təqdim edir.
T.Ağaşov sonda 5G-dən istifadə edən aparıcı şirkətlər haqqında da məlumat verib, buraya “İntel”, “Verizon”, “Samsung”, “LG”, “Macom”, “Mediatek” kimi korporasiyaların aid olduğunu söyləyib. Qeyd edib ki, 5-ci nəsil şəbəkə texnologiyasını dəstəkləyən cihazlara “5G Router”, “5G Module” “5G Smartphones”, “5G Modem”, “5G Antenna” və s. misal göstərmək olar.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.