Mayın 17-də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Forumunun (WSIS Forum 2021) final həftəsinə start verilib. Mayın 21-dək davam edəcək onlayn tədbirlərdə bir sıra yüksək səviyyəli interaktiv dialoqlardan, siyasi bəyanatlardan, mükafat mərasimindən və WSIS Fəaliyyət Xəttinin görüşlərindən ibarət olan tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Final həftəsində “Çətin dövrlərdə rəqəmsal transformasiyanın sürətləndirilməsi” mövzusu ətrafında müzakirələr aparılacaq. Əsas məqsəd İKT-nin insanların həyatını xilas etməkdə və iqtisadiyyatın davamlılığının saxlanılmasında rolunu vurğulamaq, bütün dünyada bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir.
“İnklüziv, dayanıqlı, davamlı cəmiyyətlər və iqtisadiyyat üçün İKT” devizi ilə keçirilən Forum COVID-19 pandemiyası dövründə müasir texnologiyaların istifadəsində ən yaxşı təcrübələrin mübadiləsi və paylaşılmasına imkan verir.
Bu tədbirlər Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvləri və tərəfdaşlarını bir araya gətirərək, İKT-nin COVID-19 epidemiyasına necə cavab verdiyini nümayiş etdirəcək.
WSIS Forumu, həmçinin davamlı inkişaf üçün İKT-nin tətbiqi ilə qlobal əməkdaşlığı inkişaf etdirmək və informasiya cəmiyyəti ilə əlaqələri təmin etmək üçün çoxtərəfli bir platforma təqdim edir.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Forumunun müxtəlif seksiyalarında iştirak edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.