Rusiya İnteraktiv Həftəsi və Mediakommunikasiya Forumu keçirilir

14 Noyabr 2014 - 10:12 | Konfranslar, İclaslar
Rusiya İnteraktiv Həftəsi və Mediakommunikasiya Forumu keçirilir

Moskvada (Rusiya) Ekspo Mərkəzində İnternet Həftəsi və Mediakommunikasiya Forumu - RIW 2014 (Russian Interactive Week) keçirilir. Noyabrın 12-də start götürən RIW 2014 - İnternet, media və telekommunikasiya sahəsi üzrə konfrans, mediakommunikasiya forumu, sərgi, həmçinin digər mühüm təqdimatları özündə birləşdirən tədbirdir.

Artıq 7-ci dəfədir ki, keçirilən RIW 2014-də mediakommunikasiya sahəsindəki tədqiqatların nəticələri  və 2025-ci ilədək inkişaf proqnozları təqdim olunacaq. Bundan əlavə, elektron ticarət, sosial media, informasiya təhlükəsizliyi və İnternetin xarici təhdidlərdən mühafizəsi, tənzimlənməsi sahəsində əsas tendensiyalar müzakirə olunacaq. Tədbir çərçivəsində Mobil Texnologiyalar Muzeyi də açılacaq. tass.ru informasiya agentliyinin məlumatına görə, burada 1200 eksponat nümayiş olunacaq ki, onların içərisində telefon-ülgüc, ilk kommunikator və smartfonlar, “Matritsa” filmindəki telefon da yer alacaq. Muzeydə həmçinin müasir qadjetlərdən ibarət kolleksiya da təqdim ediləcək:  Google Glass, 3D-skanerlər və printerlər, müasir elektronika.

Noyabrın 14-də tədbir çərçivəsində ilk dəfə olaraq İnternet-KİV sahəsi üzrə “Internet Media Awards” mükafatı laureatlarının da mükafatlandırılması mərasimi keçiriləcək. Qeyd edək ki, “Internet Media Awards” mükafatı bu il təsis edilib və ABŞ-ın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin şərəfinə adlandırılıb. Bu, müasir informasiya məkanında mühüm nailiyyətləri müəyyən edərək dəyərləndirən ilk mükafatdır.

Təşkilatçıların proqnozlarına görə, bu il 3 gün baş tutacaq RIW 2014-ün işində 20 mindən artıq insan iştirak edəcək, “İnternet-2014” sərgisində 150-dən çox şirkət təmsil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.