İnstitutun böyük elmi işçisi “Mühəndislik və Təbiət Elmləri Tədqiqatları Beynəlxalq Konqresi”ndə çıxış edib

17 May 2021 - 11:07 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqov mayın 7-də Türkiyənin Ankara Milli Kitabxanasında onlayn formatda keçirilən “Mühəndislik və Təbiət Elmləri Tədqiqatları Beynəlxalq Konqresi”ndə (International Congress of Engineering and Natural Sciences Studies – ICENSS) iştirak edib.

Tədbirdə “Azərbaycan dilindəki mətnlər üçün söz tezliklərinə əsaslanan oxunabilirlik formulları” adlı məruzə ilə çıxış edən İ.Sadıqov tədqiqatın Azərbaycanda müvafiq mövzuya dair ilk elmi araşdırma olduğunu qeyd edib.

O, “oxunabilirlik” anlayışı və termini, mətnlərin oxunabilirliyinə təsir edən faktorlar, oxunabilirlik formulları barədə ətraflı məlumat verərək, tədqiqat işində bəzi dünya ədəbiyyatı nümunələrinin orijinalının və onların Azərbaycan dilinə tərcümələrinin oxunabilirliyinin müqayisə edildiyini, eləcə də hazırlanmış metodika əsasında məktəb dərsliklərinin mürəkkəbliyinin və şagirdlərin yaş səviyyəsinə uyğunluğunun qiymətləndirilməsinin aparıldığını söyləyib.

İ.Sadıqov elmi tədqiqatın nəticəsi olaraq, Azərbaycan dilindəki mətnlərin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-saytın (www.oxunabilir.az) yaradıldığını diqqətə çatdırıb.

Məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.