Vətəndaş elmi layihələrində İndustry 4.0 texnologiyaları tətbiq olunur

18 May 2021 - 10:38 | Konfranslar, İclaslar
Vətəndaş elmi layihələrində İndustry 4.0 texnologiyaları tətbiq olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “İndustry 4.0 vətəndaş elmində mövcud vəziyyət, problemlər və həllər” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək İndustry 4.0, onun formalaşması, texnologiyaları, bu texnologiyaların vətəndaş elmində tətbiqi problemləri və s. рaqqında ətraflı məlumat verdi.

O, diqqətə çatdırdı ki, son bir neçə onillikdə vətəndaş elminin sürətli inkişafı müasir informasiya texnologiyalarının son nailiyyətləri ilə əlaqədardır: “Hazırda İndustry 4.0 kimi tanınan dördüncü sənaye inqilabı elmi mühitdə ən aktual trendlərdən biri hesab olunur. İndustry 4.0 üçün smart avtomatlaşdırma, fiziki və rəqəmsal dünyanın Əşyaların İnterneti və kiber-fiziki sistemlər vasitəsilə əlaqələndirilməsi xarakterikdir. İnformasiya kommunikasiya texnologiyaları sferasının inkişafı ilə sənayedə baş verən dəyişikliklər məhsul və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir”.

Sensorların təkmilləşməsi haqqında danışan məruzəçi bildirdi ki, element bazasının təkmilləşdirilməsi ilə sensorların ölçüsü kifayət qədər kiçildilib, bu da vətəndaş elmi layihələrində Əşyaların İnternetinin tətbiqinə imkan yaradır. Artıq sensorlar o qədər kiçik ölçülərdədir ki, ən xırda obyektlərə də qoşula bilir.

Sonra o, Əşyaların İnternetinin vətəndaş elmində tətbiqindən bəhs etdi. Qeyd etdi ki, smartfonlarda istifadə olunan mobil proqramlar müşahidəni asanlaşdırır, növün təyin olunmasına imkan verir, geolokasiyanı dəqiq müəyyən edir, nəticələrin ötürülməsini sürətləndirir və s. “eBird”, “Mobile”, “Sapelli” və s. kimi proqram təminatının sadə interfeysi hər bir vətəndaş asanlıqla elmi tədqiqatlara töhfə verə bilməsi üçün imkan yaradır.

N.Verdiyeva kiber-fiziki sistemlərin vətəndaş elmi layihələrində tətbiqindən də söhbət açdı. Onun sözlərinə görə, “Vətəndaş rəsədxanası”ndan (VR) istifadə edən “ağıllı” şəhərlər kiber-fiziki sistemlərin vətəndaş elmində tətbiqinə misal ola bilər: “VR qabaqcıl elmi bilikləri olmayan, lakin vətəndaş elmi ilə məşğul olmaq istəyən şəxslər üçün maneələri aradan qaldırmaq məqsədilə verilənlərin müəyyən edilməsi, toplanması və idarə olunması üçün yaradılan strukturdur. Bir çox sahələri əhatə edəcək qədər çevik olan VR əsasən elmi məqsədlərlə istifadə olunur”.

Daha sonra kiber-fiziki-sosial sistemlər barədə məlumat verən məruzəçi bildirdi ki, kiber-fiziki-sosial sistemlər yalnız proqram təminatı və emal olunmamış icraedici avadanlıqlardan ibarət deyil, fundamental olaraq verilənləri generasiya edən, verilənlərə nəzərən əsaslı qərarlar qəbul edən insanların davranışına əsaslanır.

O, diqqətə çatdırdı ki, bulud xidmətlərinin Əşyaların İnterneti ilə birgə tətbiqi böyük həcmli verilənlərin toplanması ilə xarakterizə olunur. Bu səbəbdən Big Data texnologiyaları sistem və obyektlərdən toplanan böyükhəcmli verilənlərin emalını həyata keçirir. Verilənlərin intellektual analizi və maşın təlimi ilə birlikdə Big Data Sənaye 4.0-ın hərəkətverici qüvvəsidir.

Məruzəçi vətəndaş elmi layihələrində sərhəd hesablamalarından da danışdı. Bildirdi ki, bulud texnologiyalarının növbəti inkişaf mərhələlərində bəzi çatışmazlıqları aradan qaldırılmaqla yeni hesablama sistemlərinin – şeh (dew), duman (fog) və sərhəd (edge) texnologiyalarının əsas ideyası ortaya qoyulub. Sərhəd hesablamaları – verilənlər mənbəyinə yaxın icra olunan hesablamalardır. Bunlar vətəndaş elmi üçün geniş imkanlar yaradır. Məsələn, emal prosesinin bilavasitə verilənlər mənbələrində təşkili əks əlaqə vaxtına və ötürmə sürətinə qənaət edir.

O, qeyd etdi ki, vətəndaş elmi layihələrində süni intellektdən də istifadə olunur. Süni  intellekt alətləri vətəndaş alimlər tərəfindən əvvəlki toplanmış verilənlər və müşahidələr üzərində süni intellekt alqoritmlərinin öyrədilməsi əsasında növləri müəyyənləşdirə bilir. Ətraf mühitin obyektlərinin tanınması üçün proqram təminatı və digər bu kimi alətlər vətəndaşların əksəriyyətində maraq doğurur.

N.Verdiyeva diqqətə çatdırdı ki, zaman keçdikcə vətəndaş elmində İndustry 4.0 texnologiyalarının daha geniş spektri tətbiq olunacaq və vətəndaş elmi 4.0 formalaşmasına gətirəcək. IoT, CPS, Big Data, cloud texnologiyalarının tətbiq olunması həm vətəndaş elmi layihələrinin potensialını artırır, həm də daha qabaqcıl texnologiyaların istifadəsi üçün yeni imkanlar yaradır.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.