Demoqrafik tədqiqatların fundamental məsələlərinə doğum, ölüm və miqrasiya daxildir. Bu məsələlərdə yeni doğulmuşların sayı, doğuma təsir edən bioloji və sosial amillər, ölüm hallarına səbəb olan yoluxucu və həyat tərzi xəstəlikləri, müharibə, təbii fəlakətlər, bununla yanaşı əmək qabiliyyətli əhalinin daimi və nizamsız hərəkəti, miqrant kateqoriyaları, sığınacaq axtaranlar və s. nəzərə alınır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin “Big data mühitində rəqəmsal demoqrafiyanın formalaşması xüsusiyyətləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.
İnstitutun böyük elmi işçisi Aybəniz Əliyeva məruzəni təqdim edərək əvvəlcə demoqrafiya anlayışı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, demoqrafiya əhalinin sayı, ərazi üzrə paylanması və tərkibi, onların dəyişikliyi, bu dəyişikliklərin səbəb-nəticəsini və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqəsini öyrənən elmi-tədqiqat sahəsidir.
Demoqrafik tədqiqatlar üçün verilənlər mənbələrindən bəhs edən A.Əliyeva diqqətə çatdırdı ki, 1662-ci ildə ilk demoqraf hesab olunan Con Qraunt Londonun 16-cı əsr üçün “Ölüm haqqında sənədləri” demoqrafik analiz üçün potensial verilənlər mənbəyi olaraq qəbul edilib. Bunun nəticəsində ilk yaşam (ömür sürmə) cədvəlləri yaradılıb: “1950-ci illərin sonunda ABŞ-da nümunə sorğu anketləri tətbiq edilib. Daha sonra ilk dəfə İsveç, Norveç və bəzi ölkələrdə PİN-kod tətbiq olunub. 1970-ci illərdə isə dünya üzrə doğumun araşdırılması (The World Fertility Survey, WFS) proqramı çərçivəsində ölkələrdə nümunə sorğusu aparılıb”.
İnternet, sosial şəbəkələr və smartfonların insanların həyatına ani təsir göstərdiyini və demoqrafik davranışları öyrənmək üçün tədqiqatçılara yeni məlumatlar verdiyini söyləyən məruzəçi qeyd etdi ki, rəqəmsal demoqrafiya İnternet şəbəkəsindəki rəqəmsal izlərin analizi yolu ilə demoqrafik prosesləri öyrənir.
Tədqiqatçı demoqrafik tədqiqatlar üçün yeni verilənlər mənbələrindən də söhbət açdı. Vurğuladı ki, bu mənbələr rəqəmsallaşdırılmış və kraudsorsinq verilənlər mənbələri, sosial şəbəkə verilənləri və İnternet vasitəsilə ilkin verilənlərin toplanması növlərinə ayrılır.
Əhali ilə bağlı bəzi veb səhifələri diqqətə çatdıran A.Əliyeva Əhalinin Məlumat Bürosunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının veb səhifələrinin adlarını çəkdi. Bununla yanaşı, tədqiqatçı Azərbaycanda əhali haqqında bəzi verilənlər mənbələrini də xatırlatdı. Qeyd etdi ki, bunlara Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və s. idarə və təşkilatların rəsmi veb səhifələri daxildir.
Sonra o, rəqəmsal tədqiqatlarda rəqəmsal verilənlərin imkanlarından bəhs etdi. Bildirdi ki, rəqəmsal verilənlər demoqrafiyanın əsas komponentləri olan əhalinin artımı və ölümü ilə bağlı proqnozların verilməsi, miqrasiya və mobilliklə bağlı mövcud problemlərin aradan qaldırılması üçün yeni imkanlar açdı. Bununla “Google”dan istifadə edərək doğumların sayının və aylıq doğum nisbətinin proqnozlaşdırılması mümkündür.
Rəqəmsal verilənlər sağlamlıq və ölümlə bağlı detalların öyrənilməsinə, ölüm səbəblərinin başa düşülməsinə imkan yaradır. Həmçinin mobil telefonlarda zəng qeydləri, sosial şəbəkələrdə geolokasiya verilənləri, “Facebook” sosial şəbəkəsinin reklam platformasından alınan verilənlər də miqrantların sayını dəqiq müəyyən etməyə kömək edir.
A.Əliyeva bildirdi ki, bu sahədə bəzi problemlər də mövcuddur. Bunlara etik, məxfilik problemləri, qərəzli verilənlər, texniki, analitik və hüquqi problemlər daxildir.
Demoqrafiyanın inkişaf prinsipləri və gələcək tədqiqatlar barədə söhbət açan məruzəçi qeyd etdi ki, Big data mühitində demoqrafiyanın sosial elm sahəsi olaraq inkişaf etməsi üçün “Big data”nın təyini, deduktiv olmayan modellərin qəbul edilməsi və məxfi verilənlərin istifadəsinin yenidən nəzərdən keçirilməsi vacibdir. Vurğuladı ki, Big data xam verilənlərin ölçüsü ilə deyil, onların mürəkkəbliyi və kompleks analizi üçün lazım olan modellər və hesablama gücü ilə təyin olunmalıdır.
“Abduktiv modellərin işlənməsi isə verilənlərin bütövlükdə analizinə üstünlük verərək demoqrafik proseslərdəki qanunauyğunluqları üzə çıxarmağa imkan verir. Sosial elm verilənləri insan subyektləri ilə bağlı olduğundan verilənlərin sahiblərinin təhlükəsizliyinin qorunması lazım gəlir,” – deyə o, bildirdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.