“Juniper” avadanlıqlarının şəbəkə infrastrukturunda tətbiqinə dair elmi seminar keçirildi

07 May 2021 - 12:47 | Konfranslar, İclaslar
“Juniper” avadanlıqlarının şəbəkə infrastrukturunda tətbiqinə dair elmi seminar keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov seminarın “Juniper” avadanlıqlarının şəbəkə infrastrukturunda tətbiqi məsələlərinə həsr olunduğunu diqqətə çatdırdı.

Şöbənin əməkdaşı Orxan Mənsimzadə mövzuya dair çıxış edərək, öncə “Juniper” əməliyyat sistemi haqqında məlumat verdi. Onun 1998-ci ildən fəaliyyət göstərdiyini və ilk yüksək performanslı şəbəkə əməliyyat sistemi olduğunu bildirdi. Qeyd etdi ki, “Juniper” əməliyyat sistemi marşrutlaşdırma, keçid və təhlükəsizlik platformalarını əhatə edir. Operator əməliyyatlarını sadələşdirir və əməliyyat mükəmməlliyini təmin edir. Ən tələbkar müştərilərə xidmət göstərən əməliyyat sistemi 100 ən yaxşı servis provayderinin seçimidir.

Yüksək performanslı müəssisələr və dövlət sektorunda istifadə olunan “Juniper” əməliyyat sisteminin əsaslarından söz açan məruzəçi etibarlı, modul və genişmiqyaslı, tək mənbəli kod bazası barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.

O.Mənsimzadə “Juniper” əməliyyat sisteminin arxitekturundan bəhs edərək, ayrı-ayrı idarəetmə və yönləndirmə səviyyələri, marşrutlaşdırma mühərriki (Routing Engine), Paket Ötürmə Mühərriki (Packet Forwarding Engine – PFE), ötürmə trafiki, həmçinin JunOS CLI mode (Command Line Interface – CLI) barədə danışdı.

O, həmçinin “Juniper” avadanlıqları – marşrutlayıcılar, kommutatorlar, təhlükəsizlik avadanlıqları haqqında məlumat verdi, onların AzScienceNet elm-kompüter şəbəkəsinin infrastrukturunda tətbiqi məsələlərindən bəhs etdi.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.