AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda cari ilin oktyabr ayında NATO-nun dəstəyilə keçiriləcək “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransına hazırlıq işləri haqqında məsələ müzakirə olunub.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək öncə NATO-nun tərəfdaşlıq mexanizmləri barədə məlumat verib. Təşkilatın Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri və digər tərəfdaşlıq mexanizmləri olduğunu söyləyib. Azərbaycanın NATO-nun Sülh naminə Elm Proqramında (Science for Peace and Security) iştirak etdiyini deyib.
Azərbaycan Respublikası ilə NATO arasında əlaqələrdən söz açan şöbə müdiri 1992-ci ilin mart ayında ölkəmizin Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) , 1994-cü ilin may ayından etibarən isə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2005-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı həyata keçirilib.
Məruzəçi NATO-nun Sülh naminə Elm Proqramı çərçivəsində 1995-ci ildən kompüter və informasiya texnologiyaları, ətraf mühitin təhlükəsizliyi, kimya, fizika və radiologiya elmləri, seysmoloji risklər, enerji təhlükəsizliyi, su resurslarının idarə olunması və terrorizmlə mübarizəyə dair layihələrin həyata keçirildiyini deyib. NATO ilə əməkdaşlıq çərçivəsində AMEA-nın Fizika İnstitutunda “Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar” adlı elmi-tədqiqat qrant layihəsi, eləcə də “Lənkəran Dövlət Universiteti üçün təhsil şəbəkəsi” layihəsinin işlənildiyini diqqətə çatdırıb.
Y.İmamverdiyevin sözlərinə görə, NATO Sülh naminə Elm Proqramını əsasən üç istiqamətdə (“Advanced Research Workshop”, infrastruktur qurulması və elmi-tədqiqat işləri) maliyyələşdirir: “Sülh naminə Elm Proqramı çərçivəsində kibertəhlükəsizliklə bağlı elmi-tədqiqat işləri NATO-nun prioritetlərindəndir. Proqram çərçivəsində üç istiqamətdə əməliyyatların kibertəhlükəsizliyi, kibertəhlükəsizlik texnologiyaları, kiber-fiziki sistemlərin təhlükəsizliyi, proqram təminatının təhlükəsizliyinə zəmanət, girov viruslarının azaldılması üsulları, paylanmış təhlükəsizlik mexanizmləri və digər mövzularda layihələr təqdim olunur”.
Sonra dosent Y.İmamverdiyev NATO-nun dəstəyilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işlərindən söz açıb. Bu işlər çərçivəsində Polşa tərəfi ilə bir neçə onlayn görüşün keçirildiyini, sonuncu iclasda konfransın günlərinə dair tarixlərin dəqiqləşdirildiyini, oktyabrın 27-də tədbirin açılış, 29-da isə bağlanış mərasiminin nəzərdə tutulduğunu bildirib.
Həmçinin görüş zamanı hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələrinin müzakirə edildiyini, konfransın onlayn açılışı ilə bağlı ssenari, giriş nitqi və plenar məruzəçilərin, dəvət olunacaq əsas qonaqların ilkin siyahılarının müəyyən olunduğunu diqqətə çatdırıb.
O, bildirib ki, NATO təşkilatı konfrans materiallarının “NATO Science Series”də çapının mümkünlüyünü də təsdiqləyib.
Məruzəçi beynəlxalq tədbirə texniki dəstək komandasının təşkili, konfransa hazırlıqla əlaqədar keçirilən şöbə seminarları, hazırlanan məqalələr və onların ilkin siyahısı ilə bağlı məlumatları da iclas iştirakçılarının nəzərinə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan ilə NATO arasında mövcud olan əməkdaşlıqla bağlı fikirlərini bölüşüb. NATO ilə münasibətlərin hələ 2000-ci illərin əvvəllərindən başladığını, Azərbaycanın bu nüfuzlu təşkilatın “Virtual ipək yolu” layihəsinin tərəfdaşı olduğunu, eləcə də AMEA-nın NATO-nun müvafiq elmi departamentləri ilə əlaqələrinin qurulduğunu söyləyib.
Akademik R.Əliquliyev NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransın rəhbərlik etdiyi institutun uzun illər ərzində formalaşdırdığı beynəlxalq əməkdaşlıq, dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eləcə də Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsi ilə mövcud olan elmi əlaqələrin məntiqi nəticəsi olduğunu vurğulayıb.
“Ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsi NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisidir”, – deyən akademik rəhbərlik etdiyi qurumun alim və mütəxəssislərini “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransında fəal iştirak etməyə, tədbirin mövzusuna uyğun olaraq, prioritet isiqamətlərdə aparılan elmi tədqiqatlara dair məruzələr təqdim etməyə çağırıb. Qeyd edib ki, bu tədbir yeni elmi əlaqələr qurmaq, Azərbaycanda aparılan tədqiqatları dünyaya təqdim etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və xarici həmkarlarla birgə layihələr həyata keçirmək baxımından mühüm platforma rolunu oynayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.