“Səhiyyə 4.0: formalaşması, əsas texnologiyaları, problemləri” mövzusunda məruzə dinlənildi

01 Aprel 2021 - 13:10 | Konfranslar, İclaslar
“Səhiyyə 4.0: formalaşması, əsas texnologiyaları, problemləri” mövzusunda məruzə dinlənildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 15 saylı şöbənin əməkdaşı Aytən Əhmədovanın “Səhiyyə 4.0: formalaşması, əsas texnologiyaları, problemləri” mövzusuna həsr edilmiş məruzəsi dinlənildi.

A.Əhmədova çıxış edərək Sənaye 4.0 platformasının iş keyfiyyətinin artırılması və sənaye xərclərinin azaldılması üçün “ağıllı texnologiyalara əsaslandığını söylədi. Bildirdi ki, Səhiyyə 4.0 Sənaye 4.0 konsepsiyasından irəli gələn səhiyyə sektoru üçün strateji konsepsiya olaraq təyin edilmişdir. Bu konsepsiyanın əsasında səhiyyə sisteminin keyfiyyətinin informasiya texnologiyalarının istifadəsi ilə yaxşılaşdırılması məqsədi dayanır.

O, Sənaye 4.0 anlayışı barədə ümumi məlumat verərək bildirdi ki, IV sənaye inqilabı dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin izlərinin itməsini təsvir edən istiqamətdir. Dördüncü sənaye inqilabı və ya Sənaye 4.0 platforması əmək məhsuldarlığının artırılması və istehsal xərclərinin azaldılması üçün smart (“ağıllı”) texnologiyaları və real zamanda alınan məlumatları istifadə edir.

A.Əhmədova Sənaye 4.0-ın səhiyyə sektoruna inteqrasiyasından bəhs edərək söylədi ki, Sənaye 4.0 kimi “ağıllı” texnologiyaların, simsiz və mobil texnologiyaların geniş yayılması, onların səhiyyə sisteminə inteqrasiyası bu sahədə yeni istiqamətlərin formalaşmasına gətirib çıxarıb.

“Səhiyyə 4.0-ın formalaşması Sənaye 4.0 texnologiyalarından istifadə etməklə sistem və cihazların bir-biri ilə əlaqəli “qoşulmuş tibb” şəbəkəsinin qurulmasıdır”, - deyərək  məruzəçi əlavə etdi. Vurğuladı ki,   “qoşulmuş tibb” daha dəqiq və fərdi xidmətlər təqdim edərək səhiyyəni kökündən dəyişməyi vəd edir. Bu cür əlaqəli qurulmuş sistem xəstəni, həkimi, xəstəxanaları birbaşa tibbi sistemlə birləşdirəcək. Bu əlaqəyə tibbi cihazların, kiberfiziki sistemlərin, “Əşyaların İnterneti”nin, 5G və digər funksiyaların səhiyyəyə inteqrasiyası yolu ilə nail olmaq mümkündür.

O, Səhiyyə 4.0-ın əsas texnologiyalarına 3D, Big Data, Əşyaların İnterneti, holoqrafiya, robotlar və süni intellektin daxil olduğunu diqqətə çatdırdı.

Sonra A.Əhmədova “Əşyaların İnterneti” anlayışı barədə məlumat verdi. Bildirdi ki, ilk  dəfə 1999-cu ildə Kevin Enşton texnologiyalar aləminə fiziki cisimlərin sensorlar vasitəsilə internetə qoşulduğu sistemi ifadə etmək üçün bu anlayışdan istifadə etmişdir. 

Məruzəçi “Əşyaların İnterneti”nin istifadəsi ilə səhiyyədə uğur qazanmış bəzi sahələr barədə məlumat verərək buraya inzibati idarəetmə, tibbi diaqnostika, distant monitorinq, dərman terapiyası və s. aid olduğunu dedi.

Daha sonra məruzəçi mobil səhiyyə haqqında danışdı. Bildirdi ki, mobil səhiyyə (mHealth) e-səhiyyənin perspektivli, dinamik inkişaf edən sahələrindən biridir. Mobil səhiyyə vaxt və məkandan asılı olmayaraq səhiyyə xidmətlərinə birbaşa çıxışı dəstəkləyir və mövcud milli səhiyyə xidmətlərinin yüksək xərclərini azaltmağa kömək edir. Mobil səhiyyə, həmçinin mobil şəbəkə mühitində tibbi müalicələrin aparılması, xəstələrin izlənilməsi, diaqnozların qoyulması və s. kimi məsələlərin həllinə yönəlmiş tibbi tətbiqi proqramlardır.

Sonda tədqiqatçı qeyd etdi ki, tibb sektorunda fərdiləşdirilmiş xidmətlər sisteminin yaradılması müddətinin azaldılması və digər ənənəvi üsullarla həll edilə bilməyən məsələlərin həlli üçün Sənaye 4.0 əsasında qurulmuş “ağıllı” sistemə ehtiyac var. Bu məqsədlə tibb sahəsində Sənaye 4.0-ın müxtəlif texnologiya və imkanları barədə araşdırmalar aparmaq, eyni zamanda tədqiqatların mövcud vəziyyətini müəyyənləşdirmək lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.