İnformasiya Texnologiyaları İnstitutunda “Elm günü” qeyd olunub

26 Mart 2021 - 15:08 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunda “Elm günü” qeyd olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədbirin “Elm günü”nə həsr olunduğunu, onlayn iclasda AMEA-nın nailiyyətləri, vəzifələri və perspektviləri ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

R.Əliquliyev 9 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladığını, bu tarixin ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Bildirib ki, bu günün təsis edilməsində əsas məqsəd həmin tarixdə bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmi nailiyyətlərin təbliğinə, problem və vəzifələrin yenidən müəyyənləşdirilməsinə, səmərəli əmkdaşlıqların təşkilinə, eləcə də ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına təkan verməkdir.

R.Əliquliyev AMEA rəhbərliyinin tövsiyəsi ilə akademiyanın bütün elmi müəssisə və təşkilatlarında “Elm günü”  ilə əlaqədar tədbirlərin keçirildiyini qeyd edərək televiziya, İnternet saytları və digər kütləvi informasiya vasitələrində bu gün ilə bağlı diskussiyaların açılması və çıxışların edilməsinin məqsədəuyğun olduğunu söyləyib.

“Elm günü”nün meydana gəlməsində AMEA-nın xüsusi bir missiya daşıdığını qeyd edən akademik 1945-ci il məhz 27 mart tarixində Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq AMEA-nın təsis olunduğunu deyib. 76 ildir ki akademiya və onun böyük bir elmi kollektivinin – alim və mütəxəssislərimizin, ziyalılarımızın Azərbaycan xalqına xidmət etdiyini, dünya elminə çoxsaylı  töhfələr verdiyini diqqətə çatdırıb.

Natiq bildirib ki, bu illər ərzində Azərbaycan alimləri elmin müxtəlif sferaları üzrə çalışaraq humanitar, ictimai, iqtisadiyyat, yer elmləri, riyaziyyat, fizika və nəhayət kompüter elmləri və informatika sahəsində böyük nailiyyətlər əldə etmişlər: “Geriyə baxsaq görərik ki, həqiqətən də ölkəmizdə intellektual ictimai fikrin formalaşmasında elm sahələrinin və bu missiyanı həyata keçirən elmi-tədqiqat institutlarının, laboratoriya və şöbələrin danılmaz rolu olmuşdur”.

Yaxın keçmişə nəzər saldıqda bu gün əldə olunan nailiyyətlərin daha aydın göründüyünü söyləyən alim hazırda AMEA-da 10 mindən artıq əməkdaşın çalışdığını, Azərbaycanın ali təhsil müəssisələri, müxtəlif təşkilatları və dövlət qurumlarında da elmi araşdırmalarla məşğul olan çoxsaylı tədqiqatçıların fəaliyyət göstərdiyini qeyd edib.

AMEA-nın vitse-prezidenti Azərbaycanın mürəkkəb tarixi mərhələlərdən keçərək bugünkü inkişaf səviyyəsinə çatdığını, bir xalq və dövlət kimi özünü təsdiq etdiyini deyib. Azərbaycan elminin qaynaqlarının çox qədim dövrlərə gedib çıxdığını qeyd edərək bir çox örnək mütəfəkkirlərin, dahi şəxsiyyətlərin, alim və astroloqların elm tariximizə öz adlarını qızıl hərflərlə yazdırdığını vurğulayıb.

Akademik bildirib ki, “Elm günü” formal olaraq AMEA-nın yarandığı tarixə bağlansa da, bu günün təsis olunması ümumilikdə ölkəmizdə elmi təfəkkürün yaranması, formalaşması və inkişafı ilə bağlıdır: “Elmi təfəkkürün daşıyıcıları olan hər bir xalqın “Elm günü”nü qeyd etməyə haqqı çatır”.

Sonra institutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək Azərbaycan elmində əldə olunan nailiyyətlər və problemlərdən danışıb. AMEA-da savadlı, bilikli, yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından orta və ali məktəblərdə keyfiyyətli təhsilin təşkilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Alim  bildirib ki, “Elm günü” ərəfəsində əldə olunan elmi nailiyyətlərin qiymətləndirilməsi və təbliği ilə yanaşı, bu sahədə mövcud problemlərin qabardılması və onun həlli yollarına dair təkliflərin hazırlanması da son dərəcə zəruridir. 

AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev cəmiyyətin diqqətinin elmə cəlb olunması və ümumilikdə bu sahəyə marağın artırılması baxımından “Elm günü”nün əhəmiyyətini önə çəkib.

“Elm günü” çərçivəsində elmin keçmişi, bu günü və gələcəyinə dair müqayisəli təhlillərin aparılması və hesabatların hazırlanmasının vacibliyini qeyd edib. “Elmsiz cəmiyyət və inkişaf mövcud deyil”, - söyləyən alim qeyd edib ki, hər bir dövlətin elmi doktrinası olmalı, gələcəklə bağlı konkret hədəf və məqsədləri müəyyənləşdirilməlidir.

AMEA-nın müxbir üzvü, şöbə müdiri, texnika üzrə elmlər doktoru Məsumə Məmmədova öz çıxışında 76 ildir ki fəaliyyət göstərən akademiyanın bu illər ərzində mühüm elmi nəticələr əldə etdiyini, Azərbaycan elminin dünyada tanıdılması istiqamətində böyük nailiyyətlərə imza atdığını qeyd edib. Alim Azərbaycanda prioritet elmi istiqamətlərdə peşəkar kadrların hazırlanması üçün həm ali təhsil, həm də elmi-tədqiqat müəssisələrində kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. İKT-nin bütün elm sahələrinin lokomotivi olduğunu qeyd edərək institutda müasir dövrün çağırışları və dünya elminin tələblərinə cavab verən istiqamətlərdə tədqiqatların aparıldığını bildirib.  Ölkəmizdə get-gedə elmə olan tələbatın artacağına inamını ifadə edib.

“Elm günü” ilə bağlı müzakirələrdə iştirak edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirib ki, Azərbaycanda elmin məhsuldar qüvvəyə çevrilməsi üçün həm AMEA, həm də digər təhsil və tədqiqat qurumlarının potensialından, eləcə də elmin inkişafı üçün ölkəmizdə yaradılmış mövcud şəraitdən maksimum şəkildə istifadə etməliyik.

O, bütün institut əməkdaşlarını “Elm günü” münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İnstitutun şöbə müdiri Rasim Mahmudov öz çıxışında informasiya cəmiyyəti quruculuğu sahəsində elektron dövlətin formalaşması ilə bağlı dövlət siyasətinin bir hissəsinin elektron elmlə bağlı olduğunu, İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar bu məsələ ilə bağlı aktiv müzakirələrin getdiyini diqqətə çatdırıb. Qeyd edib ki, elm dedikdə həm də müasir dünyanın çağırışlarına cavab vermək üçün qabaqcıl texnologiyaların tətbiqi məsələlərini genişləndirmək başa düşülür.

O, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində institutun və bütövlükdə AMEA-nın qarşısına mühüm vəzifələrin qoyulduğunu deyib, bu vəzifələrin yüksək səviyyədə icrası prosesində hər kəsin fəal iştirakının zəruriliyini vurğulayıb.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev hər bir ölkənin nailiyyətləri və inkişafının ilk növbədə elmlə bağlı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan alim və tədqiqatçılarının mühüm elmi nailiyyətlərinin kütləvi informasiya vasitələrində təbliği, əldə olunan nəticələrinin ölkə və dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdən biridir.  

İnstitutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Azərbaycanda elmi-texniki potensialın qorunub saxlanılması, yüksəkixtisaslı kadrların hazırlanmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu söyləyib. Ölkəmizdə kompleks elmi islahatların aparılması məqsədilə bu  sahədə ölkə Prezidenti tərəfindən fərman və sərəncamların qəbul olunduğunu, onların icrası ilə əlaqədar olaraq elmi-tədqiqat müəssisələrinin qarşısında konkret vəzifələrin qoyulduğunu nəzərə çatdırıb.

“Elm günü”nün təsis edilməsi elmin həyatımızda nə dərəcədə vacib rola malik olduğunu sübut edir”, - deyən F.Abdullayeva bu günün ölkəmizdə qeyd olunmasının əldə olunan mühüm nəticələrin nüfuzlu jurnallarda işıq üzü görməsi və beynəlxalq aləmə inteqrasiya baxımından gənc alim və tədqiqatçılara stimul verdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.