AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9, 17 və 18 saylı şöbələrinin birgə onlayn elmi seminarında “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya mövzusunun ilkin müzakirəsi aparıldı.
Məruzəni təqdim edən 18 saylı şöbənin əməkdaşı Kəmalə Haşımova elmi-tədqiqat işinin aktuallığından söz açdı. Bildirdi ki, istənilən iqtisadi sistemin idarəetmə mexanizmini reallaşdıran əsas alətlərdən biri informasiyadır. İqtisadiyyatın inkişafı, onun subyektlərinin informasiyaya olan tələbatının ödənilməsi İnternet mühitində reklam-marketinq fəaliyyəti ilə birbaşa bağlıdır. Sosial-iqtisadi, ictimai-siyasi sahələrin problemlərinin İnternet mühitində daha da aktuallıq qazanması onun rəqabətədavamlı informasiya kanalı kimi çıxış etməsinə şərait yaradır. İnternetin geniş imkanları nəzərə alınaraq, İnternet-reklamın tədqiq olunması və bu sahədə yaranan problemlərin aşkarlanması aktual məsələlərdən hesab olunur.
K.Haşımovanın sözlərinə görə, digər biznes fəaliyyətlərinə nəzərən, İnternet mühitində reklam-marketinq istehlakçılarla daha sıx əlaqədədir. İstehlakçıların maraqlarına uyğun və onların tələbatlarını ödəyən, vasitəçi olmadan satıcı ilə alıcı münasibətlərini yaratmaq müasir reklam-marketinqin əsasını təşkil edir. Reklam-marketinqin effektli olması reklam olunan məhsulun satış həcminin artmasına səbəb ola bilir.
İnternet mühitində reklam-marketinq fəaliyyəti zamanı həddən artıq çox informasiyanın toplanmasının səmərəliliyin artırılması üçün metod və alqoritmlərin işlənməsini zəruri etdiyini söyləyən məruzəçi mövzu üzrə öyrənilən məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işində İnternet-reklamın xüsusiyyətləri, imkanları və problemləri araşdırılmış, onun inkişaf perspektivləri və formalaşan informasiya cəmiyyətinə təsiri müəyyənləşdirilmiş, CRM texnologiyaları əsasında İnternet-reklamın təşkili məsələləri analiz edilmişdir. Bununla yanaşı, reklam məlumatlarının axtarışı zamanı reklam-marketinq səhifələrinin optimallaşdırılması üsulları təyin edilmiş, İnternet-reklamda veb-səhifələrin qiymətləndirilməsi üçün istifadə edilə biləcək mənbələr araşdırılmış, müştəri və istifadəçilər tərəfindən müxtəlif mənbələrdən verilən qiymətlərə əsasən yekun müştəri qiymətləndirilməsi metodu təyin edilmişdir.
“İnternet mühitində reklam-marketinq fəaliyyətinin müxtəlif effektivlik göstəricilərinin dinamik analizi vasitəsilə İnternet reklam-marketinq kampaniyasının və məlumatlarının dinamik analizi metod və alqoritmi işlənmiş, İnternet mühitində müxtəlif üsullarla əldə edilən məlumatlar əsasında hibrid tövsiyə sistemlərinin qurulması üçün yeni metod və alqoritm işlənmiş, təklif olunan metod əsasında istifadəçilər qrupu və istifadəçinin maraqlandığı obyektlər qrupu arasında yaxınlıq müəyyən edilmişdir. Həmçinin reklam-marketinq üçün verilənlərin səmərəli toplanması metodu işlənmiş, əldə olunan elmi nəticələrin yoxlanması məqsədilə eksperimentlər aparılmışdır”, – deyə K.Haşımova bildirdi.
Məruzəçi İnternetdə reklam-marketinqin konsepsiyasının mahiyyətini izah edərək, bazar iqtisadiyyatının formalaşmasında İnternet-reklamın inkişaf xüsusiyyətlərinin analizi və reklamvericilər üçün İnternetlə əlaqəsi olan geniş və məhdudiyyətsiz auditoriyanı cəlbetmə vasitələri haqqında məlumat verdi.
İnternet-mühitdə reallaşdırılan reklam-marketinq texnologiyalarının növlərindən bəhs edən K.Haşımova bannerlərin İnternetdə veb-sayt tərəfdarları üçün əsas məlumat daşıyıcısı olduğunu bildirdi. O, həmçinin dünyanı bürüyən COVID-19 pandemiyasının reklam-marketinq sahəsinə mənfi təsirindən söz açdı, vəziyyətlə əlaqədar yaranmış çətinlik və problemlərdən danışdı.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğuladı. Alim bildirdi ki, müvafiq sahə üzrə beynəlxalq təcrübənin dərindən araşdırılması, reklam və marketinq anlayışlarının ayrı-ayrılıqda öyrənilməsi və onlar arasındakı fərqlərin dəqiqliklə müəyyənləşdirilməsi son dərəcə vacibdir.
İnstitut direktoru aparılan elmi-tədqiqat işi üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə etdi. Mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin dissertasiya işində nəzərə alınmasının önəmini qeyd etdi.
Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.