4 mart 2021-ci il tarixində BMT-nin İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə start verdiyi “Qadınlar STEM-də” (Women in STEM) kampaniyası çərçivəsində “Facebook” üzərindən növbəti vebinar keçirildi.
Vebinarın moderatoru BMTİP-in Akselerator Laboratoriyasının İnkişaf Həlləri üzrə rəhbəri Nərgiz Quliyeva onlayn tədbirin “Qadınların STEM (Science, Technology, Engineering and Mathematics – Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrində daha fəal iştirak etməsində dövlət qurumlarının rolu: cari vəziyyət, əməkdaşlıq, gələcək planlar” mövzusunda müzakirələrə həsr olunduğunu qeyd etdi.
Vebinarda çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbirin məruzəçiləri və iştirakçılarına AMEA rəhbərliyi və kollektivinin salamlarının çatdırdı, bütün qadınları qarşıdan gələn 8 Mart bayramı münasibətilə təbrik etdi. Həmçinin tədbirin təşkilinə görə BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə təşəkkürünü bildirdi. Qadınların STEM-də iştirakı ilə bağlı belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söylədi.
Azərbaycanda STEM sahəsində qadınların təmsil olunması ilə əlaqədar fikirlərini bölüşən alim bəşəriyyətin hazırki inkişaf mərhələsində artıq informasiya-kommunikasiya texnologiyaları, biotexnologiyalar, nanotexnologiyalar, nüvə texnologiyaları və s. konvergensiya olunaraq, yəni bir-biri ilə çulğaşaraq, cəmiyyətdə tamamilə yeni reallıqlar yaratdığını qeyd etdi. Elm, texnologiya, mühəndislik və riyaziyyatın hazırda aparıcı bir mövqe qazandığını və açıq cəmiyyətin qurulmasının əsasını təşkil etdiyini deyən akademik XXI əsrin qlobal texnoloji ideologiyasının əsas təhsil çağırışlarından birinin məhz STEM-in üzərində qurulduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda STEM sahəsində qadınların təmsil olunmasının aktuallıq kəsb etdiyini, bütün dünyada dəqiq elmlərə marağın azalmasının ciddi problemlərdən olduğunu dedi.
O, ölkəmizdə qadın və kişi peşələri ilə bağlı mövcud olan stereotiplərin qadınların STEM-də fəal iştirakına mane olan amillərdən olduğunu söylədi. Bildirdi ki, STEM-də qadınların təmsilçiliyi ilə bağlı digər ölkələrlə müqayisəli təhlillər aparılmalı, qadınların məşğulluğu probleminin həlli və onların karyera imkanlarının artırılması üçün hökumət tərəfindən kompleks tədbirlər görülməlidir.
Milli Məclisin deputatı Şahin Seyidzadə ölkəmizdə universitetlərə qəbul zamanı STEM ixtisaslarının seçimi və orta məktəblərdə fəaliyyət göstərən STEM sinifləri haqqında məlumat verdi.
Qadınların cəmiyyətdə aktivliyinin artırılması üçün müəyyən mexanizmlərin işlənilməsinin, valideyinlərin öz övladlarına ixtisas seçimi zamanı dəstək göstərmələrini təşviq etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışdı.
Milli Məclisdə bu məsələlərlə əlaqədar olaraq vaxtaşırı müzakirələrin təşkil olunduğunu qeyd edən deputat, ucqar kəndlərdə xüsusi stimullaşdırıcı tədbirlərin və proqramların təşkil olunmasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) məsləhətçisi Zahidə İsrafilova öz çıxışında bütün dünyada əsas problemlərdən biri olan gender bərabərliyinin təmin olunması məsələsinə toxundu. Qadınların cəmiyyətin bütün sferalarında təmsil olunmalarının vacib olduğunu söyləyən məruzəçi onların STEM sahəsinə daha çox cəlb edilməsi istiqamətində təmsil etdiyi qurumun fəaliyyətindən danışdı. AQUPDK-nin qadın problemlərini hər zaman diqqətdə saxlayan bir təşkilat kimi onların elm və texnologiya sahəsində iştirak səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirdiyini dedi.
O, İKT-də qadınlarla bağlı startapların təşkil olunmasının komitənin prioritetlərindən olduğunu söylədi. Qadınların STEM-də fəallığının artırılmasında dövlətlə yanaşı, ailənin də dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Vebinarda, həmçinin disskussiya iştirakçılarının sualları cavablandırıldı, ətraflı müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.