AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev öncə bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olan Xocalı soyqırımından danışdı. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini, onların arasında körpə uşaqların da olduğunu söylədi.
R.Əliquliyev bildirdi ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar, mütərəqqipərvər ölkələr bu günü soyqırımı günü kimi tanıyır, faciə ilə bağlı müxtəlif tədbirlər təşkil edirlər. Bizim də Azərbaycan vətəndaşı olaraq borcumuzdur ki, bu qanlı tarixi unutmayaq, həmişə xatırlayaq və gələcək nəsillərə çatdıraq, soyqırımı törədən faşistlərin dünyanın ədalət məhkəməsində layiqli cəza almasını tələb edək və buna nail olaq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz İkinci Qarabağ Müharibəsində torpaqlarımızı işğalçılardan azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. Bu zəfər bizi daha da ruhlandırmalıdır, başımızı uca tutaraq birlik nümayiş etdirməli, ölkəmizi inkişaf etdirməli, cəmiyyətimizə layiqli vətəndaş olmalıyıq.
“Xocalıda, eləcə də Qarabağda şəhid olmuş bütün həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!”, - deyə alim bildirdi.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra akademik Rasim Əliquliyev elmi seminarın 12 saylı şöbənin əməkdaşı Pirdas Muradovanın “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi” mövzusunun müzakirəsinə həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən P. Muradova əvvəlcə Azərbaycan dilinin müasir vəziyyəti və mövcud problemlər, Azərbaycan dilinin tədrisində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, dil biliklərinin qiymətləndirilməsində Avropa təcrübəsi, eləcə də dil biliklərinin tədrisi və qiymətləndirilməsi üçün beynəlxalq standarta çevrilmiş CEFR (Common European Framework of References for Languages – Ümumavropa dilləri üçün çərçivə proqramı) haqqında ətraflı məlumat verdi, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi ilə əlaqədar təklifləri seminar iştirakçılarının diqqətinə çatdırdı.
“Sərhədlərin tədricən aradan götürüldüyü müasir dünyada insanların qarşısında duran tək əngəl dildir. Dil baryeri yalnız xarici dillərin öyrənilməsi ilə deyil, eyni zamanada doğma dilin dünyaya tanıdılması ilə aradan qaldırıla bilər. Artıq informasiya dövrü olduğu üçün informasiyanın əldə olunması və ya ötürülməsi üçün mükəmməl dil biliklərinin olması zəruri hala çevrilmişdir”, – deyə məruzəçi bildirdi. Qeyd etdi ki, Azərbaycan dili ilə bağlı məsələləri aktual edən səbəblərdən biri də ingilis dili kimi hegemon dillərin digər dövlətlərin dillərini sıxışdırmasıdır. Bu da dilimizin qorunması və eyni zamanda beynəlxalq aləmdə tanınması üçün müəyyən addımların atılmasını zəruri edir.
Azərbaycan dilinin tədrisində və təbliğində İKT-nin rolundan söz açan məruzəçi bildirdi ki, burada əsas problemlərdən biri də bu dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin azlıq təşkil etməsidir. Virtual məkanda Azərbaycan dili ilə bağlı informasiya azlığı dilin daha asan mənimsənilməsinin qarşısında dayanan ən əsas əngəllərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, müasir dövrdə istər dilin tədrisində, istərsə də dilin qiymətləndirilməsində İKT-nin imkanları uğurla tətbiq edilə bilər.
O, Azərbaycan dilinin dövlət dili statusunun qorunması, onun xarici dil kimi tədrisi ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanan və bu təcrübənin Azərbaycan dilinə uyğunlaşdırılaraq tətbiqi üçün verilmiş təklifləri diqqətə çatdırdı. Bildirdi ki, müasir Azərbaycan dilinin tədrisi iki istiqamətdə (Azərbaycan Respublikasının vətəndaşları və əcnəbi vətəndaşlar üçün) aparılmalıdır, səviyyələr üzrə dörd bacarıq əsasında formalaşan tədris planına əsaslanan dərsliklərin və əlavə dərs vəsaitlərinin (audio, video, proqram təminatları və s.) hazırlanması, beynəlxalq standartlara əsaslanan yeni qiymətləndirmə meyarlarının işlənməsi, müasir Azərbaycan dilinin səviyyələr üzrə imtahan sisteminin yaradılması vacibdir. Bu kimi təkliflərin reallaşdırılması üçün İKT-nin dəstəyi ilə elektron bazanın yaradılması və eyni zamanda dil biliklərinə yiyələnməkdə yardımçı əlavə vəsaitlərin hazırlanmasının önəmini qeyd etdi.
R.Əliquliyev tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğuladı. Dilçilik elminin bütün elm sahələri ilə qarşılıqlı əlaqədə olduğunu, dil problemlərinin multidissiplinar xarakter daşıdığını söylədi. Azərbaycan dilinin tədrisinin bugünkü vəziyyəti, mövcud çatışmazlıqlar və onların yaratdığı problemlərin dərindən araşdırılmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Azərbaycan dilinin müasir tələblərə cavab verməsinə uyğunlaşdırılmasının zəruriyyəti müəyyənləşdirilməlidir. Müvafiq sahədə beynəlxalq təcrübə öyrənilməli, mövcud standartlar və standartlaşdırılmış dillər araşdırılmalıdır.
Akademikin sözlərinə görə, bu gün dünyanın çağırışlarına uyğun olaraq, Azərbaycan dilinin müvafiq standartlara uyğunlaşdırılması zamanın tələbidir. Bu işlərin həyata keçirilməsi üçün İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Alim İKT-nin tətbiqi ilə müxtəlif pillələr üzrə Azərbaycan dilinin qiymətləndirilməsinin zəruriliyini qeyd edərək, müvafiq təklif və tövsiyələrini səsləndirdi.
İnstitut direktoru mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğuladı.
Sonra məruzəyə dair ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr irəli sürüldü.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.