İqtisadiyyat üzrə fəlsəfə doktoru Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim edib. Bildirib ki, sosial-iqtisadi sistemlərin informasiyalaşdırılması problemləri üzrə fəaliyyət göstərən şöbədə informasiya iqtisadiyyatının müxtəlif problemləri araşdırılır. Buraya informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması və inkişafı üzrə model və mexanizmlərin işlənilməsi, informasiya iqtisadiyyatı və onun əsas infrastruktur elementləri arasındakı qarşılıqlı əlaqələrin təhlili, informasiya iqtisadiyyatının formalaşması və inkişafı üzrə mövcud yanaşmaların araşdırılması və s. daxildir.
Qeyd edib ki, tədqiqatlar nəticəsində yeni informasiya iqtisadiyyatının formalaşmasında əsas inkişaf faktorları kimi bilik və İKT-nin əsas xarakterik xüsusiyyətləri, onların ənənəvi istehsal faktorları ilə qarşılıqlı əlaqələri öyrənilmiş və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işlənilib hazırlanmış indikator sistemləri tədqiq edilmişdir.
İKT yönümlü Milli İnnovasiya Sisteminin formalaşması xüsusiyyətləri araşdırılmış, onun infrastruktur elementləri arasındakı qarşılıqlı əlaqələri təhlil olunmuşdur. İKT yönümlü texnoparkların formalaşması və fəaliyyət prinsipləri müəyyənləşdirilmiş, onların informasiya təminatının arxitektur-texnoloji strukturu işlənilmişdir.
Qeyd edib ki, sənaye müəssisələrinin fəaliyyətində ERP-sisteminin tətbiqi məsələlərinin araşdırılması və səhiyyə, mədəniyyət, təhsil sferasının inkişafı, onların səmərəli idarə edilməsinə informasiya texnologiyalarının təsirinin öyrənilməsi şöbə əməkdaşlarının qarşısında duran məsələlərdəndir. Həmçinin elektrik enerjisi resurslarının səmərəli paylanması üzrə intellektual sistemlərin işlənməsi istiqamətində araşdırmalar aparılır.
Ə.Əliyev şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində hazırlanmış layihələrindən söz açıb. “İqtisadi və sosial sistemlərin idarə olunması və informasiyalaşdırılması” mövzusunda maraqlanan təşkilat və şəxslərə konsaltinq xidmətinin göstərildiyini nəzərə çatdırıb.
Bildirib ki, elmi-pedaqoji fəaliyyətlə əlaqədar olaraq “İnformatika” fənni üzrə doktorant və dissertantlara mühazirələr oxunur, bakalavr və magistrlərə istehsalat təcrübəsi keçilir.
O, il ərzində keçirilən respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda şöbə əməkdaşlarının fəal iştirak etdiyini, tanınmış elmi jurnallarda 11 məqalənin dərc olunduğunu vurğulayıb.
Ə.Əliyev informasiya iqtisadiyyatının formalaşması və İKT-texnoparkların formalaşması məsələlərini əhatə edən kitabların nəşrə hazırlanması ilə bağlı görülən işlər barədə də məlumat verib.
Şöbənin fəaliyyəti yüksək qiymətləndirilərək qəbul olunub.