AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova bu gün "Bakı Elm Festivalı-2014"də “Zadə nəzəriyyəsi və onun tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, görkəmli azərbaycanlı alim Lütfi Zadənin elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına xidmət edir. L.Zadənin dünya elminə 6 fundamental nəzəriyyə bəxş etdiyini vurğulayan məruzəçi onun “Qeyri-səlis məntiq nəzəriyyəsi” “Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Computing nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərinin dünya elminin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb.
Qeyd edib ki, L.Zadə ona dünya şöhrəti gətirən qeyri-səlis məntiq nəzəriyyəsini elmə gətirməklə alternativ riyaziyyatın (qeyri-səlis riyaziyyat) əsasını qoymuşdur. L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi dünyanın mənzərəsini dəyişmiş, real həyatı daha dürüst əks etdirməyə imkan vermişdir.
Sözlə işləyən kompüterlər nəzəriyyəsinin əsasını qoyan qeyri-səlis məntiq texnologiyasından hazırda foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Yaponiyanın "Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni", "Orison", "Konon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib.
Bu nəzəriyyədən, həmçinin iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində istifadə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.