AMEA-nın rəhbərliyi Lütfi Zadənin xatirəsini yad edib

04 Fevral 2021 - 14:38 | Mühüm hadisələr

Fevralın 4-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və AMEA Rəyasət Heyətinin üzvləri Fəxri xiyabanda dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Lütfi Zadə 2016-cı ildə AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-ya Təhsil Nazirliyi ilə birlikdə Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

science.gov.az