AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 13 yanvar 2021-ci il tarixdə Moskvada Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universiteti və Ali İqtisadiyyat Məktəbinin “Qərarların seçilməsi və beynəlxalq təhlili” Mərkəzinin birgə təşkilatçılığı ilə “Ekspert qiymətləndirmələri və verilənlərin analizi” mövzusunda keçirilən onlayn seminarda iştirak edib.
Seminarda əvvəlcə Rusiya EA İdarəetmə Problemləri İnstitutunun “Seçim nəzəriyyəsi və qərarların analizi” şöbəsinin müdiri, texniki elmləri doktoru, prof. Fuad Ələsgərov çıxış edərək tədbirin həm də professor Lütfi Zadənin yubileyi və onun irsinin öyrənilməsinə həsr olunduğunu bildirib.
Sonra Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Lepski Aleksandr Yevgenyeviç Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiqin atası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi müasir dünyanın nəhəng elm korifeylərindən biri olan, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin qlobal elm və texnologiyanın müasir inkişafına verdiyi töhfələr haqqında geniş məlumat verib. Dünya şöhrətli alim - qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi L.Zadənin həyatı və yaradıcılıq yolu, qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, yumşaq hesablama ilə əlaqəli elmi tədqiqat istiqamətlərini diqqətə çatdırıb. Natiq qeyd edib ki, Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.
Məruzəçi qeyri-səlis məntiq nəzəriyyəsinin mövcud vəziyyətinə və onun tətbiqi aspektlərinə ümumi baxış keçirməklə seminar iştirakçılarına ətraflı məlumatlar verib.
Seminardakı müzakirələrdə iştirak edən dosent Ə.Əliyev professor L.Zadənin Bakı ilə əlaqələri və onun nəzəriyyəsinin AMEA İnformasiya Texnologiyaları İnstitutundakı tətbiqləri haqqında məlumat verib.
Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.