İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənildi

25 Dekabr 2020 - 17:37 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənildi

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənildi.

AMEA-nın vitse-prezidenti, bölmənin sədri, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev hesabatı təqdim edərək 2020-ci il ərzində institutun qarşısına qoyulan vəzifələr barədə məlumat verdi. Bildirdi ki, hesabat ilində institut “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, AMEA prezidentinin sərəncamları və tapşırıqları, eləcə də AMEA Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının qərarlarından irəli gələn məsələlərin həllində, “İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya” (2019-2024-cü illər) layihəsinin hazırlanmasında və İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işində iştirak etmişdir.

Akademik rəhbərlik etdiyi institutun elmi-nəzəri, elmi-innovasiya, elektron elmin formalaşması üzrə praktiki fəaliyyəti, AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, İctimaiyyətlə Əlaqələr şöbəsinin fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq ilə bağlı fəaliyyət istiqamətlərinin mövcud olduğunu söylədi. Elmi-nəzəri fəaliyyət haqqında ətraflı məlumat verən alim cari ildə qurumda 2 - informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində Big Data analitikası problemləri, Data Mining problemləri, informasiya təhlükəsizliyi, intellektual elektron dövlətin formalaşması və inkişafı, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi, bulud sistemlərinin analizi və sintezi, proqram mühəndisliyi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, informasiya və bilik iqtisadiyyatı, virtual mühitdə Azərbaycan dili və terminoloji informatika problemləri ilə bağlı araşdırmaların aparıldığını bildirdi.

Natiq qeyd etdi ki, institut əməkdaşları tərəfindən 2020-ci ildə 100 məqalə, 2 kitab və 8 ekspres-informasiya nəşr olunmuş, beynəlxalq və respublika səviyyəli konfranslarda 64 məruzə ilə iştirak edilmişdir. Cari il üzrə nəşr olunmuş 174 elmi əsərdən 37-si nüfuzlu bazalara (WoS, Scopus və s.) daxil olmuş, institut əməkdaşlarının məqaləsinə hesabat ilində 1979, ümumilikdə isə 13460 istinad qeydə alınmışdır.

Direktor cari il üzrə institutda əldə olunan mühüm elmi nəticələri də diqqətə çatdırdı. Prioritet istiqamətlərdə aparılan tədqiqatlar nəticəsində rəhbərlik etdiyi qurumun alim və mütəxəssisləri tərəfindən Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modellərinin təklif olunduğunu, Mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənildiyini, Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritminin işlənildiyini, Neft-qaz sənayesində mədən avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturları və müvafiq təlim alqoritmlərinin işlənildiyini bildirdi.

Həmçinin Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual modelin təklif olunduğunu, Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodların işlənildiyini, Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi, səmərəliliyinin artırılması və idarə olunmasının optimallaşdırılması üçün metodların işlənildiyini nəzərə çatdırdı.

Alim institutda nəşr olunan “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” adlı jurnalların “Copernicus”, “INSPEC”, “Google Scholar”, “Research Bib” və “Directory of Research Journal Indexing” indeksləşmə bazalarına daxil olduğunu söylədi.

İnstitutun direktoru aparılan araşdırmalar nəticəsində böyük həcmli verilənlərdə (Big Data) axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metodun (Neural Foresting), təmizlik (purity) və Devis-Boldin (Davies-Bouldin) indekslərinə əsaslanan faydalılıq funksiyalarını istifadə etməklə konsensus çəkili klasterləşmə ansamblı metodunun, neft və qaz sənayesində IoT sensorlardan toplanmış böyükhəcmli məlumatların analizi üçün çoxsəviyyəli (cloud, fog və dew) arxitekturun təklif olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, institut alimləri tərəfindən sualtı elektrik nasoslarında qəzaların etibarlı diaqnostikası üçün nasosun vibrasiya siqnallarının zaman və tezlik əlamətlərini analiz edən dərin konvolyusiya şəbəkə modeli təklif edilmiş, sensorlardan əldə edilmiş zaman sırası verilənlərinin analizi əsasında neft quyuları avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün CNN və LSTM metodları istifadə edilməklə dərin təlim üsulu işlənmişdir.

İnformasiya cəmiyyəti şəraitində milli təhlükəsizliyin struktur komponentləri araşdırılmış və informasiya təhlükəsizliyi ilə qarşılıqlı münasibətləri analiz edilmiş, elektron mühitə olan bəzi təhlükələr identifikasiya edilmiş və bu təhdidlərdən mühafizə üçün tövsiyələr, həmçinin COVID-19 pandemiyası zamanı meydana çıxan yeni kibertəhdidlər analiz edilmiş və tövsiyələr işlənmişdir. E-səsvermə sistemində namizədlərin çoxmeyarlı seçilməsi üçün modifikasiya edilmiş qeyri-səlis TOPSIS və üçbucaq qeyri-səlis ədədlərin ranqlaşdırılması metodları əsasında hibrid model təklif edilmiş, kiberfiziki sistemlərin ayrı-ayrı komponentlərinin xüsusiyyətləri analiz edilmiş və onların effektiv tətbiqinə dair təkliflər irəli sürülmüş, mobil istifadəçilərin tətbiqi proqramlarının cloudletlərdə optimal paylanmasını təmin edən metod işlənmiş, proqram modullarında səhvlərin aşkarlanması üçün klassifikatorlar metodu, eləcə də tibbi-sosial media resurslarında toplanan informasiya əsasında kütlə rəyini nəzərə almaqla tibbi qərarların qəbulunun dəstəklənməsi metodları təklif edilmişdir. Süni intellekt texnologiyaları əsasında elmi biliklərin avtomatik əldə olunmasının konseptual modeli, informasiya iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi üçün çoxkriteriyalı ekspert metodu işlənilmişdir. Həmçinin Azərbaycan-İngilis transliterasiyası problemləri araşdırılmış və Azərbaycan-İngilis dil cütlüyü üçün yeni transliterasiya sistemi təklif olunmuşdur.

Alim elmi-praktiki və innovasiya fəaliyyəti çərçivəsində dövlət orqanları üçün elmi ekspertiza fəaliyyətinin həyata keçirildiyini bildirdi, elektron elmin formalaşması üzrə görülən işlər, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, beynəlxalq qrantlarda iştirak və s. barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, cari ildə “Elmi kadrlar” Milli İnformasiya Sistemi və Milli Transliterasiya Sistemi işlənib hazırlanmışdır.

AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətindən söz açan R.Əliquliyev bildirdi ki, e-elmin informasiya təminatının formalaşdırılması işləri davam etdirilmiş, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytlar işlənmişdir. AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının Data Mərkəzdə saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası davam etdirilmişdir.

AMEA-nın elmi-tədqiqat institutlarının GEANT şəbəkəsinə inteqrasiyası işləri ilə bağlı ardıcıl olaraq tədbirlər həyata keçirilmiş, bu şəbəkəyə qoşulma üçün ehtiyat fiber-optik (1 Gbit/san) əlaqə kanalı çəkilmişdir. E-elm və e-təhsilin şəbəkə infrastrukturları AzScienceNet və AzEduNet-in inteqrasiyası, İnternet və GEANT-a etibarlı çıxışların təmin edilməsi ilə əlaqədar işlər davam etdirilmişdir.

Alim AzScienceNet şəbəkəsinin pandemiya şəraitində fəaliyyətindən bəhs edərək, bu müddət ərzində fasiləsiz iş rejimində fəaliyyətin davam etdirilməsi üçün işçi qrupun yaradıldığını, AMEA-nın Əsas binasında yerləşən institutlarda videokonfransların təşkili üçün Zoom proqramının quraşdırılmasına dəstək verildiyini, FRTEB-in iclaslarının videokonfrans sistemləri vasitəsilə keçirilməsinin təmin edildiyini nəzərə çatdırdı.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verən akademik bildirdi ki, AMEA-nın magistrlərinə ümumi və seçmə fənlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işləri, eləcə də institutun magistrlərinə ixtisas fənlərinin tədrisi və imtahanların qəbulu işləri yerinə yetirilmiş, il ərzində müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, 1C, MatLab, MS Offise proqramları, Help Desk, magistraturaya hazırlıq və s.) üzrə kurslar təşkil edilmiş, institutun əməkdaşlarının müxtəlif mövzularda keçirilən onlayn vebinarlarda iştirak edərək uyğun beynəlxalq sertifikatlar əldə etməsi təmin olunmuşdur. 

Doktorant və dissertantlara, institutda təhsil alan magistrlərə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilmişdir. İnstitutun Vikipediyada informasiya təminatı fəaliyyəti çərçivəsində işğaldan azad olunmuş ərazilər haqqında 142 məqalə, Qarabağ müharibəsi ilə bağlı 107 multimedia faylı yer almışdır. Ümumilikdə isə cari ildə Vikipediyada institut əməkdaşları tərəfindən 639 material yerləşdirilmişdir.

İnstitutun direktoru qurumun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək, 2020-ci il ərzində institutun müxtəlif beynəlxalq təşkilat və elmi qurumlarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsində iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini qeyd etdi.

Həmçinin AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin Stenford Universitetinin tərtib etdiyi dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edildiyini söylədi.

R.Əliquliyev elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən söz açaraq, kütləvi informasiya vasitələri (KİV) ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, institutun rəhbər şəxslərinin, aparıcı alim və mütəxəssislərinin KİV-də çıxışlarının təşkil edildiyini, institutun rəsmi www.ikt.az veb-saytının və İnfoTV İnternet televiziyasının istismarı və kontent təminatının həyata keçirildiyini diqqətə çatdırdı, bəzi statistik göstəriciləri təqdim etdi.

İkt.az saytına hesabat ili ərzində Azərbaycandan sonra ən çox ABŞ, Rusiya, Almaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya və digər ölkələrdən ümumilikdə 261786 müraciətin qeydə alındığını dedi. İnstitutun fəaliyyətinə dair 391 materialın müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırıldığını diqqətə çatdırdı.

Bildirdi ki, İnfoTV İnternet televiziyasında 127 institut xəbəri, eləcə də müxtəlif sərəncam, fərman və rəsmi məktublar, video-çarxlar nümayiş olunmuşdur.

İnstitut əməkdaşları elektron media, televiziya və radio kanallarına müsahibələr vermiş, koronavirus pandemiyası mövzusunda çıxışlar etmişlər.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi institutun Azərbaycanın Qarabağla bağlı apardığı informasiya müharibəsinə dəstək verilməsində fəal iştirak etdiyini bildirdi. Qeyd etdi ki, bu istiqamətdə KİV-də çıxışlar edilmiş, Vikipediyaya məlumatlar, multimedia faylları daxil edilmiş, müxtəlif petisiyalar imzalanmış, müxtəlif saytlar və sosial şəbəkələrdə münaqişə ilə bağlı obyektiv məlumatlar paylaşılmış, əcnəbi alim və mütəxəssislər münaqişə ilə bağlı məlumatlandırılmışdır.

Daha sonra məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. İnstitutda 2020-ci ildə görülən işlər, aparılan elmi tədqiqatlar yüksək qiymətləndirildi.

Sonda FRTEB-in Elmi şurası İnformasiya Texnologiyaları İnstitutunun cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatının qəbul olunaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.