AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Əvvəlcə şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev müasir dövrdə informasiya iqtisadiyyatının İKT əsaslı yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması zərurətindən, eləcə də həmin istiqamətdə mövcud olan problemlərdən danışdı. O, beynəlxalq səviyyədə bir çox qlobal İKT, innovasiya və iqtisadi indeksləri üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlilinin nəticələri haqqında məlumat verdi.
Dosent Ə.Əliyev İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının müəyyənləşdirilməsi, onların formalaşması xüsusiyyətlərinin, problemlərinin tədqiq olunmasının zəruriliyini önə çəkdi. IV sənaye inqilabına keçid tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən işlərin yerinə yetirildiyi haqqında məlumat verdi.
Məruzəçi seminarda İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının əsas sektorlarından biri olan mobil sistem və texnologiyaların, son dövrlərdə aktuallığı daha da artan VPN texnologiyasının əhəmiyyəti və iqtisadi xüsusiyyətlərinin, bu texnologiyaların iqtisadiyyata verdiyi yeni dəyərlər, onların inkişaf istiqamətləri, eləcə də müvafiq sahədə beynəlxalq təcrübənin araşdırıldığını qeyd etdi.
Sonra seminarı institutun magistrləri davam etdirdilər.
Seminarda institutun magistri Rəşad İbrahimov İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının əsas sektorlarından biri, müasir dövr üçün aktual olan “5G mobil texnologiyalarının tətbiq sahələri, iqtisadi xüsusiyyətləri və perspektiv istiqamətləri“ mövzusu üzrə təqdimatla çıxış etdi.
Məruzəçi R.İbrahimov 5-ci nəsil mobil texnologiyası, onun mahiyyəti, 5G-nin ondan əvvəlki texnologiyalardan, 4G-dən bir sıra prinsipial üstünlükləri haqqında ətraflı məlumat verdi. O, 5G-nin əsas tətbiq sahələri üzrə aparılmış tədqiqat işlərini diqqətə çatdırdı.
R.İbrahimov 5-ci nəsil mobil texnologiyasının əsas nümunəsi olan “Əşyaların İnterneti”, pilotsuz nəqliyyat vasitələri, bulud texnologiyaları kimi texnologiyaları haqqında geniş məlumat verdi. 5G texnologiyasının tətbiqi riskləri və onun iqtisadi xüsusiyyətləri, bazardakı vəziyyətilə əlaqədar tədqiqat apardığını da qeyd etdi.
Sonra isə institutun digər magistri Fərid Alışanov “VPN şəbəkə texnologiyasının tətbiqi problemləri, iqtisadi xüsusiyyətləri və inkişaf istiqamətləri” mövzusu üzrə təqdimatla çıxış etdi. O qeyd etdi ki, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının digər sektorunu formalaşdıran texnologiyalardan biri də hazırkı dövr üçün müasir VPN şəbəkə texnologiyasıdır.
F.Alışanov VPN şəbəkə texnologiyasının mahiyyəti, işləmə xüsusiyyətləri, bu texnologiyanın nə üçün istifadə edildiyi haqqında məlumat verdi. VPN texnologiyasının növləri, əməliyyat sistemlərinin dəstəklədiyi VPN protokolları, bu texnologiyanın nə dərəcədə təhlükəsiz olması, VPN servislərinin müsbət və mənfi tərəflərinin nədən ibarət olması və bu sahədə tədqiqat apardığı elmi-tədqiqat işləri barədə də məlumat verdi.
Dinlənilən hər iki məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı.
Dos. Ə.Əliyev müasir informasiya texnologiyalarının iqtisadi xüsusiyyətləri və inkişaf istiqamətləri mövzusu üzrə təqdimatları yüksək qiymətləndirdi. Alim IV sənaye inqilabına keçidin tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən tövsiyələr verdi. Tədqiqatçılara qarşıdakı ildə ölkədə və dünyanın müxtəlif yerlərində keçirilməsi planlaşdırılan konfranslara bu mövzular üzrə məqalə təqdim etmələrini tövsiyə etdi, müvafiq məsləhətlər verdi.
Ə.Əliyev magistrlərə digər müvafiq mövzular üzrə də yeni tədqiqatların aparılması və daha səmərəli nəticələrin əldə olunması yönündə uğurlar arzu etdi. Bu sahədə institutun təcrübəli əməkdaşları ilə birgə ciddi elmi tədqiqatların aparılmasını, əldə etdikləri nəticələrini müxtəlif beynəlxalq bazalarda indeksləşən jurnallara təqdim etməyi tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.