AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn Elmi seminarında AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun mühüm elmi nəticələrindən biri olan Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün təklif olunmuş yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri ilə bağlı fikirlərini bölüşüb.
R.Əliquliyev bildirib ki, təhlükəsizlik həmişə ayrı-ayrı insanların, cəmiyyətin və bötüvlükdə, dövlətin ən mühüm məqsədlərindən və tələbatlarından biri olub. Başqa sözlə, cəmiyyətin mövcudluğu və inkişafının ən mühüm şərtlərindən biri təhlükəsizlikdir.
Akademikin sözlərinə görə, milli təhlükəsizliyin çoxsaylı komponentləri vardır ki, onlar da iqtisadiyyat, inkişaf səviyyəsi, ölkələrin məsələyə münasibəti, texnoloji inkişafla, düşmən ölkələrdən, texnoloji obyektlərdən və s. qaynaqlanan müxtəlif təhlükələrin dəf edilməsi ilə bağlıdır. İnternetin, kiberfiziki sistemlərin, süni intellektin inkişaf etməsi ilə əlaqədar olaraq, ölkənin təhlükəsizlik sistemi də dəyişikliyə məruz qalır. Çünki yeni təhlükələr müvafiq əks mexanizmlərin işlənməsini zəruri edir.
“Bizim elmi araşdırmamızda milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar tədqiq edilmişdir. Milli təhlükəsizliyin ictimai-siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, təhsil, səhiyyə və nəqliyyat sistemlərinin təhlükəsizliyi, elmi-texnoloji təhlükəsizlik, ekoloji təhlükəsizlik, KİV-in təhlükəsizliyi, mədəni-mənəvi təhlükəsizlik kimi komponentləri analiz olunmuşdur. İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin formalaşması ilə əlaqədar milli təhlükəsizlik sistemində informasiya cəmiyyətinin artan rolu və vəzifələri göstərilmişdir. Həmçinin informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilmişdir. Hər bir milli təhlükəsizlik komponentində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilmiş, onların aradan qaldırılması yolları göstərilmişdir”, – deyə alim bildirib.
R.Əliquliyev qeyd edib ki, informasiya cəmiyyətinin inkişafı, İnternetin və qlobal sistemlərin bütün ölkəni əhatə etməsi informasiyalaşdırma prosesinin yalnız İnternet və kompüter texnologiyalarından ibarət olmadığını göstərdi. İKT sürətlə inkişaf edərək, cəmiyyətin bütün fəaliyyət sferalarına dərindən nüfuz edir. Bunun nəticəsi olaraq, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizlik və onun ayrı-ayrı komponentləri ilə sıx qarşılıqlı əlaqədədir. Artıq görürük ki, informasiya təhlükəsizliyi bütün bu mürəkkəb prosesin əsasını təşkil edir. Beləliklə, informasiya təhlükəsizliyi bütün növ təhlükəsizliklərin, o cümlədən milli təhlükəsizliyin əsasına çevrilir. Milli təhlükəsizlik müasir dövrün çağırışları kontekstində yeni bir baxış əldə edir.
“Bizim ortaya qoyduğumuz yanaşma ondan ibarətdir ki, İKT-nin sürətlə inkişaf edərək insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli təhlükəsizliyin təmin olunması məsələsinə də yeni baxışlar, yanaşmalar, metodologiyalar tələb edilir. Artıq ənənəvi üsul və vasitələrlə milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Ənənəvi cəmiyyət informasiya cəmiyyəti ilə əvəz olunduğu kimi, onun təhlükəsizliyi məsələsi də informasiya və informasiya texnologiyaları amillərindən yüksək dərəcədə asılı vəziyyətə düşür”, deyə - akademik bildirib.
R.Əliquliyev qeyd edib ki, artıq milli təhlükəsizliyin bütün komponentləri informasiya təhlükəsizliyinin obyektinə çevrilir. Bütün bunlar milli təhlükəsizliklə bağlı mövcud doktrina, konsepsiya və strategiyalara, bu sahədəki hüquqi-normativ aktlara yenidən baxılmasını, onların İKT-nin, informasiya cəmiyyətinin formalaşdırdığı virtual mühitin diktə etdiyi müasir şərtlərə uyğunlaşdırılmasını tələb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.