2020-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda əldə olunan mühüm elmi nəticələrdən biri də mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənilməsidir. Bu tədqiqat işi barədə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov onlayn Elmi seminarda çıxışı zamanı məlumat verib.
R.Ələkbərov bildirib ki, mobil istifadəçilər uzaqda yerləşən bulud serverlərə İnternet şəbəkəsinin vasitəsi ilə yüklənir. Bu da öz növbəsində şəbəkənin yüklənməsi ilə gecikmələrin yaranmasına və mobil qurğunun daha çox enerji sərf etməsinə səbəb olur. Şəbəkə yükləndiyindən xidmətin keyfiyyəti (QoS) aşağı olur.
Mobil qurğuların bir çox istifadəçi üçün əsas hesablama platformasına çevrildiyini deyən alim, son dövrlərdə yaradılan proqram əlavələrinin böyük hesablama və yaddaş resursları tələb etdiyini söyləyib. Qeyd edib ki, mobil qurğuların hesablama və yaddaş resurslarının məhdud olması, batareyaların işləmə müddətinin az olması bu kimi məsələlərin sürətli həllini təmin edə bilmir. Beləliklə, mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi, mobil qurğularda resurs məhdudiyyətləri və şəbəkədəki gecikmələrin aradan qaldırılması aktual məsələlərdəndir.
R.Ələkbərovun sözlərinə görə, alınmış mühüm nəticədə böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində mobil qurğularda meydana çıxan problemlər araşdırılmışdır. Mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi, mobil qurğularda resurs məhdudiyyətləri və şəbəkədəki gecikmələrin aradan qaldırılması məsələləri təhlil edilmişdir. Mobil istifadəçilərin məsələlərinin cloudletlər-də həll edilməsi mobil qurğuların akkumulyatorunun işləmə müddətinin artmasına səbəb olmuşdur. Şəbəkədəki gecikmələrin azalması riyazi hesablamalarla göstərilmişdir.
Tədqiqat zamanı, həmçinin məsələlərin cloudlet şəbəkəsində balanslı şəkildə paylanması məsələsinə baxılmışdır. İstifadəçi qarşıya qoyulan məsələni ona daha yaxın olan cloudlet-ə yükləyib həll etsə, o zaman gecikmələr və enerji sərfiyyatı az olacaq. Cloudlet mobil qurğudan uzaqda olsa, əlaqə kanallarının sayının artması ilə gecikmələrdə və enerji sərfiyyatında artım qeydə alınacaq.
Eyni zamanda, araşdırma zamanı istifadəçinin bəzi tələblərinə uyğun cloudlet-lərin seçilməsi məsələsinə baxılmışdır. Cloudlet-lərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən (istifadəçinin yaxın olması, etibarlıq göstəricisinin yüksək olması və s. şərtlərindən) istifadə etməklə istifadəçinin proqram əlavəsinin hansı cloudlet-ə yüklənməsi ilə bağlı şərtlər araşdırılmış, metod və alqoritmlər təklif edilmişdir.
Qeyd edək ki, tədqiqatın nəticəsi kimi texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun 2 məqaləsi nüfuzlu “Web of Science” elmi bazasına daxil olan jurnallarda çap olunmuşdur. Belə ki, “Cloudlet Şəbəkələrinin Resurslarından Səmərəli İstifadə Metodu” (“Method for effective use of cloudlet network resources”) adlı məqalə “International Journal of Computer Network and Information Security” jurnalı, “Cloudlet əsaslı mobil bulud hesablamalarında gecikmələrin və enerji istehlakının azaldılması strategiyası” (“Strategy for reducing delays and energy consumption in cloudlet-based mobile cloud computing”) adlı məqalə isə “International Journal of Wireless Networks and Broadband Technologies” jurnalında işıq üzü görmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.