Industry 4.0-ın əsas konsepsiyası insanlar, əşyalar və xidmətlərin İnternetinin inteqrasiyasıdır və bu inteqrasiya nəticəsində kiber-fiziki-sosial sistemlər meydana çıxır. Virtual məkanda olsa belə, istənilən proses konkret zaman və məkanda baş verir və bu baxımdan, coğrafi məkanla bağlı verilənlər Industry 4.0 inteqrasiyasında mühüm rol oynayır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş onlayn elmi seminarda “Industry 4.0 kontekstində milli məkan verilənləri infrastrukturunun informasiya təhlükəsizliyi” mövzusunda çıxış edərkən bu məlumatı verdi.
Y.İmamverdiyev öz çıxışında müasir coğrafi informasiya sistemləri (CİS), onların əsas komponentləri, verilənlərin təsvir metodları, açıq kodlu və və kommersiya proqram təminatı barədə ətraflı danışdı. O, CİS-in tətbiq sahələrini nəzərə çatdıraraq CİS-i milli təhlükəsizliyin əsas informasiya təminatı komponentlərindən biri kimi xarakterizə etdi.
Daha sonra alim CİS tətbiqlərində əsas koordinat sistemi olan GPS (Global Positioning System) və onun komponentləri, Yerin məsafədən öyrənilməsinin peyk sistemləri barədə qısa məlumat verdi. CİS sahəsində elmi tədqiqat istiqamətləri və mövzuları, qabaqcıl tədqiqat qrupları, bu sahədə aparıcı universitetlərin magistr və doktorant hazırlığı proqramları, elmi və elmi-kütləvi jurnallar, beynəlxalq təşkilatlar barədə məlumatları diqqətə çatdırdı.
CİS sahəsində Azərbaycanda aparılmış təşkilati, qanunvericilik, praktiki və elmi-tədqiqat işlərini analiz etdi, Gürcüstan və Belarusda bu sahədə görülən elmi-praktiki işlərin müqayisəli qısa xarakteristikasını təqdim etdi.
Məruzəçi vurğuladı ki, CİS-də informasiya təhlükəsizliyi anlayışı CİS verilənlər bazalarının təhlükəsizliyindən xeyli geniş sahələri əhatə edir. CİS verilənlərinin xeyli hissəsi həssas fərdi məlumatlardır, Big data texnologiyaları bu məlumatların təhlükəsizliyi məsələsini xüsusilə aktual edir.
Bundan əlavə, məkan verilənlərinin konfidensiallığı da nəzərə alınmalıdır. Məsələn, Rusiya Federasiyasında 2 m-dən yaxşı dəqiqliyə malik məkan təsvirləri məxfi, dəqiqliyi 2 m-dən 4 m-ə kimi olan təsvirlər isə xidməti istifadə üçün hesab olunur. Geoinformasiya sistemləri sahəsində ölkənin geriliyi dövlət təhlükəsizliyinə təhdid faktoru kimi xarakterizə edilir. Nəhayət, bəzi ölkələrdə hələ soyuq müharibə dövründən GEOINT (GEOspatial INTelligence) kəşfiyyat xidmətləri fəaliyyət göstərir. Onların məqsədi – şəkillərin və geoməkan informasiyasının istifadəsi və analizi əsasında Yerdə insan fəaliyyəti barədə informasiyanın əldə edilməsidir. CİS-lər GEOINT imkanlarını əhəmiyyətli dərəcədə artırırlar.
“IP geolokasiya – IP-ünvana görə qurğunun coğrafi yerinin müəyyən edilməsi və geotaqinq imkanlarının fərdi məlumatlara qarşı bədniyyətli istifadəsini də nəzərə almaq lazımdır”, - deyən məruzəçi qeyd etdi ki, geotaqinq – müəyyən informasiya resurslarına onları xarakterizə edən coğrafi metaverilənlərin (məs., GPS-koordinatların) birləşdirilməsi prosesi olub, daha çox fotoşəkil (və sosial media) kontekstində məşhurdur. Bu prosesi avtomatik (GPS-li fotoaparat, mobil telefon və s.) və ya əl ilə etmək olar. Geotaqinq müəyyən yerlə əlaqələndirilən müxtəlif informasiyanın axtarışına kömək edə bilər.
Y.İmamverdiyevin sözlərinə görə, CİS məlumatlarının toplanması, emalı və istifadəsi sahəsində bir sıra problemlər (qanunvericilik, təşkilati və s.) mövcuddur. Bəzən CİS-in inkişafını texniki deyil, daha çox təşkilati xarakterli problemlər ləngidir. Məkan məlumatlarının məhdudluğu, onun əhəmiyyətli hissəsinin konfidensiallığı da CİS-in inkişafını ciddi ləngidən səbəblərdir.
Ölkəmizdə fərdi məlumatlar sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və harmonizasiyası üzrə aparılan işlərdə CİS-lərin spesifik xüsusiyyət və tələblərinin də nəzərə alınması vacibdir. Məkan verilənlərinin vahid milli sisteminin formalaşdırılması aktual məsələdir. Eyni zamanda müxtəlif fondlarda toplanmış verilənlərin konsolidasiyası da olduqca zəruridir.
Alim CİS verilənləri sahəsində intellektual mülkiyyət məsələlərinin tənzimlənməsi məsələsinin hələlik açıq olduğunu, həmçinin verilənlərin satınalınması mexanizmlərinin təkmilləşdirilməsinin zəruri olduğunu söylədi.
Çıxışının sonunda məruzəçi qeyd etdi ki, bəzi ölkələrdə CİS verilənlərinin yenilənməsinə cavabdeh xidmətlər mövcuddur. CİS verilənlərinin real zamanda yenilənməsi üçün kraudsoursinq və “vətəndaşlar sensorlar kimi” (ing. citizens as sensors) tipli layihələrin həyata keçirilməsinə də ehtiyac vardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.