AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova AZTV-nin “Telesəhər” verilişinə müsahibə verib.
O bildirib ki, İnternetin uzun zamandır savaş meydanına çevrildiyi heç kimə sirr deyil. Bu ilin sentyabr ayının 27-də təxribata əl ataraq atəşkəs rejimini pozan Ermənistan eyni zamanda virtual məkanda feyk xəbərlərə və dezinformasiyaya söykənən informasiya müharibəsini də kəskinləşdirib.
İ.Ələkbərovanın sözlərinə görə, mənfur düşmən Vikipediya açıq ensiklopediyasında da ölkəmizə qarşı qarayaxma, yalan, böhtan xarakterli məlumatlar yaymaqdan çəkinmir. Bu gün Vikipediya 300 dildə fəaliyyət göstərir, orada qeydiyyatdan keçmiş istifadəçilərin sayı 93 milyona yaxındır. Dünyanın ən populyar 10 saytı sırasında yer alan açıq ensiklopediyada ingilisdilli məqalələrin sayı 6 milyondan çoxdur.
Alim qeyd edib ki, erməni əsilli Vikipediya istifadəçiləri və onların havadarları uzun zamandır dünya ictimaiyyətini əsassız, yalan məlumatlarla aldatmağa çalışırlar.
İnformasiya Texnologiyaları İnstitutunda viki-kurslar keçmiş könüllülərdən ibarət viki-qrup ermənipərəst viki-istifadəçiləri Vikipediyanın qaydalarına əsasən daxil edilən qərəzli materialları, dezinformasiyaları silməyə başlayıblar. Belə ki, virtual ensiklopediyanın qaydalarına əsasən, etibarlı mənbəyə söykənməyən məlumatların işıqlandırılması qadağandır.
44 gün davam edən Vətən müharibəsi günlərində “Azərbaycan ordusunun sıralarında muzdluların döyüşməsi” haqqında erməni tərəfinin yaydığı qarayaxma məqsədli məlumatlar sübuta yetirilən mötəbər mənbələrə əsaslanmadığına görə virtual məkandan silinən məlumatlardandır.
İ.Ələkbərova tamaşaçıların diqqətinə çatdırıb ki, müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağında olan yaşayış məntəqələrimizi, yüksəkliklərimizi azad etdikcə informasiya cəbhəsində vuruşan viki-könüllülərimiz də onlayn ensiklopediyada işğaldan azad olunmuş Azərbaycan torpaqlarının tarixi-coğrafi adlarının bərpa oluunması, eləcə də dünya ictimaiyyətinə düzgün şəkildə tanıdılması istiqamətində də fəal iş aparıblar. Ermənilər tərəfindən adları dəyişdirilən tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub. Belə ki, mənfur düşmənin Vikipediya açıq ensiklopediyasında “Şuşi” kimi tanıtmağa çalışdığı qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin öz tarixi adı qaytarılıb.
Baş mütəxəssis Azərbaycan xalqının igid əsgər və zabitləri haqqında viki-könüllülər tərəfindən yaradılan onlayn məqalələrdən də danışıb. Qeyd edib ki, Vikipediya açıq ensiklopediyasının rus dili layihəsində Milli qəhrəman, polkovnik Şükür Həmidov, eləcə də generallarımız Polad Həşimov, Hikmət Həsənov, Hikmət Mirzəyev, Mais Bərxudarov haqqında geniş materiallar onlayn ensiklopediyanın istifadəçilərinə təqdim edilib.
Dağlıq Qarabağ ərazisində gedən döyüşlərin xronologiyası (2020-ci ildə), ermənilərin Gəncə, Bərdə, eləcə də ölkənin digər şəhər və rayonlarında dinc əhaliyə qarşı törətdikləri terror aktları haqqında da kifayət qədər geniş məlumatlar verilib.
Alim vurğulayıb ki, Azərbaycanın tarixi, ərazi bütövlüyü, Qarabağ mədəni mühiti – tarixi memarlıq və dini abidələri, folkloru və s. haqqında rus və ingilis dilində yeni-yeni məqalələrin yaradılması prosesi hazırda da davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.