Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək

06 Noyabr 2014 - 12:00 | Konfranslar, İclaslar
Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək

AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixində keçirilən növbəti iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “Azərbaycan alimlərinin I Qurultayının təşkili və keçirilməsi haqqında” məsələ ilə bağlı çıxış edib.

Məruzədə qeyd olunub ki, AMEA-nın 18 aprel 2014-cü il tarixli Ümumi Yığıncağında Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qurultayın keçrilməsi müasir dövrün tələblərindən və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn elmin funksiya və vəzifələrini müzakirə edib Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlmişdir. Akademik qeyd edib ki, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək Azərbaycan alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir.

Qurultayın AMEA, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin birgə təkilatçılığı ilə 2014-cü il dekabrın 19-da keçirilməsi planlaşdırılmışdır.

Akademik Rasim Əliquliyev sonra bildirib ki, qurultayın işinin yüksək səviyyədə təşkil edilməsi üçün İşçi qrupu tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, qurultayın proqramı işlənilmiş və gündəliyi müəyyənləşdirilmişdir.

Qurultayda xaricdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan alimlərinin, eləcə də dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı gözlənilir.

Qurultayın gedişatının İnternet üzərindən canlı yayımlanması, çıxışların və müzakirələrin video-konfrans sistemi ilə təşkili də nəzərdə tutulmuşdur.

Sonda qurultayın işinin mədəni proqramla yekunlaşdırılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.