AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2020-ci il üzrə illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətində elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatların aparıldığını qeyd etdi.
Şöbə müdiri bu mövzu çərçivəsində tibbi-demoqrafik proseslərin intellektual idarə olunmasının konseptual əsaslarının işlənildiyini, tibbi sosial media resurslarında toplanan informasiyanın kontent və statistik analizi əsasında subyektlərin fəallığının qiymətləndirilməsi üçün yeni informativ parametrlərin işlənildiyini və kütlə rəyini nəzərə almaqla tibbi qərarların qəbulunun dəstəklənməsi metodunun təklif olunduğunu diqqətə çatdırdı.
Məruzəçi çıxışına davam edərək bildirdi ki, elektron tibbin formalaşması istiqamətində tədqiqatların praktiki müstəvidə davamı olaraq hepatosellular kanserin mərhələlərinin təyini intellektual sistemin işlənilməsinə start verilmişdir və hesabat ilində müvafiq sistemdə biliklərin təsviri modeli müəyyənləşdirilmiş, biliklər bazasının formalaşdıran qaydalar sistemi işlənilmiş və biliklər bazasından cari vəziyyətə üyğun məntiqi çıxarış qaydasının seçimini reallaşdıran proqram təminatı hazırlanmışdır.
M.Məmmədova bildirdi ki, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlər, e-dövlət şəraitində e-vətəndaşların formalaşdırılması modellərinin işlənməsi cari il ərzində həyata keçirilən elmi-tədqiqat işləri sırasında olmuşdur.
Onun sözlərinə görə, insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsasları, elektron universitetin fəaliyyət konsepsiyası, model və metodların işlənilməsi istiqamətində yüksək nəticələr əldə olunub.
M.Məmmədova bildirdi ki, cari il ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics), “Scopus” və digər beynəlxalq bazalarda indeksləşən jurnallara 9 məqalə çap olunmuşdur.
Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlərdən söz açan verən professor Avropa İttifaqının Şərq tərəfdaşlığı Proqramı üzrə Avropa Təhsil Fondunun eksperti qismində həyata keçirdiyi fəaliyyət haqqında məlumat verdi və bu əməkdaşlıq çərçivəsində keçirilən onlayn seminarlarda müzakirə olunan mövzuların aktuallığını, onların ölkəmiz üçün əhəmiyyətini nəzərə çatdırdı.
Sonda şöbənin hesabatına dair müzakirələr aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirdi, e-tibbin çoxaspektli problemləri ilə bağlı uğurlu nəticələrin alındığını bildirdi, aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.