AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Milli Transliterasiya Sisteminin problemləri və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin yaradılmasının normativ-hüquqi əsasları, məqsəd və vəzifələri, linqvistik və texniki problemləri, üstünlükləri və inkişaf perspektivləri barədə ətraflı məlumat verdi.
O, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.9-cu bəndi milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasına həsr olunmuşdur.
S.Məmmədzadənin sözlərinə görə, Milli Transliterasiya Sisteminin yaradılmasında məqsəd Azərbaycan dilinin yazı sisteminin işarələrinin (qrafikasının) digər dillərin yazı sistemlərinin işarələrinə (qrafikalarına) birə-bir konvertasiyasının təmin edilməsidir. Axtarış zamanı İnternetdə sözlərin düzgün yazılışının və mətnin bir əlifbadan digərinə düzgün keçidinin təmin edilməsi, dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitinin yaradılması sistemin vəzifələrindəndir.
Milli Transliterasiya Sisteminin linqvistik problemlərindən söz açan məruzəçi bildirdi ki, müxtəlif dillərin fərqli qrafik xüsusiyyətlərə malik olması transliterasiyanı mümkünsüz edir. Müəyyən hərflərin əksər dillərdə tanınmaması (məs., “ğ”, “ı”, “ə” və s.), bəzi hərflərin qarşılığının olmaması səbəbindən olduğu kimi saxlanması (məs., “ü”, “ö” və s.), bir neçə hərfin eyni səsi verməsi ilə əlaqədar olaraq yalnız birinin seçilməsi (məs., fars dilində “z” səsini verən 4 hərf mövcuddur, bu isə subyektiv fikirlərdən asılıdır), bir hərfin bir neçə səsi bildirməsi (məs., fars dilindəki “əlif” hərfi “a”, “e”, “ə”, bəzən “u” və “i” səslərini də verə bilər), hərflərin bir neçə formada yazılması (fars dilində əvvəldə, ortada, sonda və ayrılıqda) bu prosesi son dərəcə çətinləşdirir.
“Xüsusi standartların işlənilməməsi, ekspertlər arasındakı fikir ayrılığı, bəzi hərflər üçün konkret strukturun olmaması, toponimlərin indiyədək bir neçə variantlarda yazılması səbəbindən ad, soyad və toponimlərin transliterasiyası üçün sistem etibarlı deyil”, – məruzəçi qeyd etdi.
O, bildirdi ki, bu sahədə Azərbaycan dilinin transliterasiyası üçün metod və alqoritmlərin, ad və toponimlər üçün vacib olan dil korpusunun, fars-Azərbaycan transliterasiyasının hələ işlənilməməsini, saytın transliterasiyasında problemlərin mövcudluğunu, kifayət qədər resursun (ekspertlərin) olmamasını Milli Transliterasiya Sisteminin texniki problemləri hesab etmək olar.
Sistemin üstünlüklərindən bəhs edən S.Məmmədzadə qeyd etdi ki, bu, Azərbaycanda ilk çoxdilli transliterasiya sistemidir və burada yeni (milli) transliterasiya standartları tətbiq edilir. Transliterasiya zamanı fonetik xüsusiyyətlər nəzərə alınır, yalnız romanizasiya deyil, ingilis, alman, fransız, ispan və italyan dillərinin qrafikası ilə transliterasiya tətbiq edilir. Mövcud qaydaların (alqoritmlərin) dəyişdirilməsi, yeni qrafikaların əlavə edilməsi imkanları vardır, yalnız mətnin deyil, bütövlükdə veb-saytın transliterasiyası mümkündür.
O, konvertasiya cədvəllərinin, həmçinin bütövlükdə sistemin standartlaşdırılması, ad, soyad və toponimlər üçün bazanın hazırlanması, fars-Azərbaycan transliterasiyası üçün yeni metodların işlənilməsi, ərəb qrafikası üçün transliterasiya cədvəllərinin əlavə edilməsi və toponimlər üçün xüsusi cədvəllərin işlənib tətbiq edilməsinin qarşıda duran vəzifələrdən olduğunu diqqətə çatdırdı.
Sonda məruzə ərafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.