Avstraliyalı alimlərlə birgə klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılır

04 Yanvar 2026 - 14:35 | Konfranslar, İclaslar
Avstraliyalı alimlərlə birgə klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının struktur bölmələrin 2025-ci il üzrə hesabatlarına həsr olunmuş növbəti iclasında Big Data analitikası və data mining problemləri üzrə tədqiqatlar aparan şöbənin hesabatı müzakirə olunub.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi istiqamətində Avstraliyalı alimlərlə birlikdə aparılan tədqiqatlar və əldə olunmuş elmi nəticələr barədə məlumat verib. Qeyd edib ki, bu mövzu çərçivəsində böyük verilənlərin klasterləşdirilməsi üçün optimallaşdırma modeli və onun həlli üçün yeni alqoritm işlənmişdir.

Alim eyni zamanda Industry 4.0 konsepsiyası çərçivəsində kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə aparılan tədqiqatların nəticələrini təqdim edib. Bu kontekstdə cari ildə rəhbərlik etdiyi şöbədə “Xətti-kvadratik optimal idarəetmə məsələsi üçün requlyatorların qurulmasında qərarlaşmış rejimə keçid nöqtəsinin təyin edilməsi üsulları” və “Pilotsuz uçuş aparatlarının əvvəlcədən verilmiş trayektoriya üzrə hərəkətinin idarə olunması üsulları” mövzularının araşdırıldığını qeyd edib, əldə olunan nəticələrdən bəhs edib. Həmçinin sözügedən problem üzrə AR Dövlət Neft Şirkətinin Elm Fondu və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələri çərçivəsində yerinə yetirilmiş elmi-tədqiqat işləri, dərc olunmuş məqalə və tezislər barədə məlumat verib.

R.Alıquliyev şöbədə Big Data analitikası və Data Mining problemləri üzrə elmi tədqiqatlar aparan doktorant və dissertantların fəaliyyətindən də bəhs edib. Alim “E-idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi”, “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları”, “Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi, eləcə də “Elektron ticarətdə fırıldaqçılığın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları çərçivəsində aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb.

O, bildirib ki, hesabat dövründə şöbə əməkdaşları tərəfindən 44 məqalə və 11 tezis hazırlanmış, onlardan da 24 məqalə və 12 tezis nəşr edilmişdir. 7 məqalə çap mərhələsində, 13 məqalə isə rəy prosesindədir.

Şöbə müdiri həmçinin Avstraliya Federativ Universiteti, Melburn Kral Texnologiya İnstitutu, Türkiyənin Ankara və Dokuz Eylül universitetləri ilə beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə aparılan tədqiqatların müasir elmin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Alim Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələrək yaradılan yeni idarəetmə modelinin elmi müəssisələr və ali təhsil qurumları arasında əməkdaşlığı daha da gücləndirdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətinin strateji dayaqlarından biri elm və təhsilin inteqrasiyasının yeni mərhələdə qurulmasıdır. “Bu çərçivədə Azərbaycan Texniki Universiteti ilə imzalanmış Anlaşma Memorandumu institutun elmi nəticələrinin tədris prosesinə transferi baxımından mühüm rol oynayır”, – deyə bildirən baş direktor İnformasiya Texnologiyaları İnstitutunun universitetin fasiləsiz təhsil modelində iştirakı üçün geniş imkanlara malik olduğunu qeyd edib. Alim bu istiqamətdə AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin fəaliyyətini yüksək qiymətləndirib.

AMEA-nın vitse-prezidenti çıxışında şöbədə süni intellekt sahəsində fundamental və nəzəri tədqiqatların genişləndirilməsinin vacibliyini də önə çəkib. O, süni intellektin riyazi problemləri, riyaziyyatın süni intellekt problemlərinə həsr olunan elmi seminarların təşkilinin zəruriliyini qeyd edərək bu istiqamətdə tədqiqatların dərinləşdirilməsi ilə bağlı tövsiyələr verib.

Elmi Şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə hesabatı qəbul olunub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.