ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə illik hesabatı müzakirə olunub.
Hesabatı şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov təqdim edərək rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. Bildirib ki, il ərzində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda tədqiqatlar aparılmış, kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunmuş, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair məqalə hazırlanmışdır.
O, “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatların aparıldığını, məqalələrin hazırlandığını söyləyib.
“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri, süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.
Dos. F.Yusifov bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olmuş, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilmişdir.
Həmçinin “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli mental dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılmışdır.
Şöbə müdiri il ərzində Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan multidissiplinar araşdırmaların nəticələrini də təqdim edib.
Sonra dos. F.Yusifov Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən, o cümlədən Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda nəşr olunan məqalələr, respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər haqqında məlumat verib. Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, kadr hazırlığı, qrant layihələrində iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən bəhs edib, şöbənin elmmetrik göstəricilərini nəzərə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin illik hesabatına münasibət bildirərək əldə olunan mühüm elmi nəticələri yüksək qiymətləndirib. Alim yeni şəraitdə institutun qarşısında dayanan vəzifələri və çağırışları nəzərə alaraq, müasir dövrdə dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət quruculuğu istiqamətində aparılan tədqiqatların daha da dərinləşdirilməsinin strateji əhəmiyyətə malik olduğunu qeyd edib. Baş direktor rəqəmsal suverenlik sahəsində beynəlxalq təcrübənin, risk və təhülkələrin, yeni yanaşmaların kompleks şəkildə araşdırılmasının vacibliyini xüsusi vurğulayıb.
Akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemlərə dair yüksək keyfiyyətli məqalələrin hazırlanması və nüfuzlu beynəlxalq jurnallarda çap olunmasına dair təklif və tövsiyələrini də səsləndirib.
Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə hesabatı qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.