AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və böyük elmi işçi Roza Şahverdiyeva beynəlxalq konfransda məruzələrlə çıxış ediblər.
16-18 noyabr 2020-ci il tarixlərdə Moskvada Rusiya EA İdarəetmə Problemləri İnstitutunun təşkilatçılığı ilə “İnnovasiyaların idarə edilməsi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Konfrans innovasiyalı inkişaf, innovasiyaların idarə edilməsi, pandemiyanın iqtisadiyyatın inkişafına təsiri problemlərinin həllində innovasiyaların tətbiqi, rəqəmsal-informasiya iqtisadiyyatı şəraitində innovasiya prosesinin idarə edilməsi, innovasiya strukturlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinin nəzəri-metodoloji problemləri, müasir cəmiyyətin sosial-iqtisadi inkişafı məsələlərində 4.0 Sənaye texnologiyalarının tətbiqi, inklüziv iqtisadi artımın müasir cəmiyyətin inkişafı üçün faydaları, regional innovasiya siyasətinin reallaşmasında marketinq texnologiyalarının tətbiqi, elmi innovasiya və sənaye yönümlü texnoparkların idarə edilməsi ilə bağlı dünya əhəmiyyətli aktual məsələlərə həsr olunub.
Tədbirin “Milli innovasiya sistemlərində innovasiya infrastrukturunun inkişafı”, “İnnovasiyalı inkişafın regional aspektləri”, “Sirkulyar iqtisadiyyatın, ekoloji innovasiyanın inklişafı” bölmələrində müxtəlif mövzularda müzakirələr aparılıb.
Konfransın “Milli innovasiya sistemlərində innovasiya infrastrukturunun inkişafı” bölməsində çıxış edən dosent Ə.Əliyev əvvəlcə beynəlxalq konfransın iştirakçılarını AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin adından salamlayaraq, bu qurumun elmi-innovativ fəaliyyəti haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Sonra məruzəçi “İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin çoxmeyarlı ekspert qiymətləndirməsinin modelləşdirilməsi prosesləri” mövzusunda çıxış edib. Məruzədə müasir dövrdə İKT və elmtutumlu yüksək texnologiya məhsullarının istehsalı sahələrinin dünya iqtisadiyyatının əsas sektoruna çevrilməsi məsələsinə toxunulub. Yeni yaranan iqtisadiyyatın effektiv strukturlaşmasını həyata keçirmək üçün onun perspektiv istiqamətlərinin kompleks qiymətləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, yeni intellektual cəmiyyətin və iqtisadiyyatın yaradılması məqsədləri izah olunub.
Çıxış zamanı informasiya iqtisadiyyatı problemlərinin tədqiqi və işlənilmə dərəcəsi ətraflı olaraq təhlil edilib, informasiya iqtisadiyyatının qiymətləndirilməsinə regional və sahəvi yanaşma xüsusiyyətləri izah olunub. Yeni informasiya, bilik və texnoloji tutumlu iqtisadiyyat sahələri haqqında məlumat verilib. İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsində çoxmeyarlı ekspert qiymətləndirməsi prosesinin modelləşdirilməsinin əsasları şərh olunub və alınmış nəticələr barəsində məlumatlar verilib.
İnstitutun böyük elmi işçisi Roza Şahverdiyeva isə “İnnovasiyalı inkişafın regional aspektləri” bölməsində “Texnoparklarda innovasiyanı və innovativ fəaliyyəti xarakterizə edən göstəricilər sisteminin işlənilməsi” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı iqtisadi inkişafda innovativ texnopark strukturlarının rolu, əhəmiyyəti və fəaliyyət xüsusiyyətləri təhlil edilib. Beynəlxalq innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılıb. Texnoparklarda innovativ vəziyyətin monitorinqi sisteminin xüsusiyyətləri araşdırılıb, innovasiyanı və innovativ fəaliyyəti xarakterizə edən göstəricilər sisteminin işlənilməsi haqqında məlumat verilib. Eləcə də texnoparkların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində 4.0 Sənaye inqilabının tətbiqi perspektivləri göstərilib.
Sonda hər iki məruzəçi konfrans iştirakçılarının suallarını cavablandırıb və institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.