İnstitut kollektivinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti

13 Noyabr 2020 - 13:09 | Mühüm hadisələr
İnstitut kollektivinin Azərbaycan Respublikasının Prezidentinə  müraciəti

Hörmətli cənab Prezident!

Hörmətli Ali Baş Komandan!

Sizin Ermənistanının işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində əldə etdiyiniz parlaq hərbi-siyasi qələbələriniz, bütün ölkə vətəndaşları kimi, bizim tərəfimizdən də böyük sevinc hissi, ruh yüksəkliyi, bayram əhval-ruhiyyəsi ilə qarşılanmışdır.

Sentyabrın 27-də işğal olunmuş torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatına başlamaq haqqında əmrinizi 30 ilə yaxın idi ki səbrlə gözləyirdik. Hücum əmrindən dərhal sonra ordumuz bir-birinin ardınca Azərbaycanının torpaqları, yaşayış məntəqələri düşməndən təmizlənməyə başladı.

Döyüş əməliyyatlarının ilk günlərindən məlum oldu ki, Azərbaycan ordusu düşmən tərəfini bütün parametrlərə görə xeyli üstələyir. Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan və Sizin tərəfinizdə davam etdirilən uğurlu siyasətin bəhrələri idi.

Ötən illər ərzində ölkəmiz sosial-iqtisadi baxımdan yüksək sürətlə inkişaf etdirilmişdir. Ordumuzun maddi-texnoloji bazası da möhkəmləndirilmiş, ən müasir hərbi texnika və infrastrukturla təchiz edilmişdir. Ordumuz üçün müasir hərbi biliklərə malik, yüksəkixtisaslı kadrlar, vətənpərvər gənclik yetişdirilmiş, hərbçilərimizin sosial təminatı gücləndirilmişdir.

Sizin rəhbərliyiniz altında ordumuzun zəfər yürüşü dünyanın müasir hərb tarixinin ən uğurlu salnamələridir, bunu artıq xarici hərbi ekspertlər də təsdiq edirlər. Bu döyüşlərdə ən müasir intellektual hərbi texnologiyalar ordumuz tərəfindən uğurla tətbiq edilmişdir. Hərbi əməliyyatlar zamanı ordumuz ağıllı strategiya və taktika seçməklə və minimum itki verməklə qətiyyətlə irəliləmişdir.

Azərbaycan ordusu həm də uğurlu hibrid müharibə nümunəsi göstrərmişdir. Siz hücum əmri verdiyiniz andan hərbi, siyasi və informasiya cəbhələrində paralel olaraq eyni qətiyyətlə, inamla mübarizə aparırsınız. Biz bu günlər ərzində Sizin hərbi və siyasi məharətinizin, yüksək idarəçilik, sərkərdəlik, diplomatlıq, natiqlik qabiliyyətinizin bir daha şahidi oluruq.

Azərbaycanın ordusunun uğurlu hərbi əməliyyatlar apardığı dövrdə Ermənistanın havadarlarının ölkəmizə siyasi təzyiq cəhdlərinin qarşısı Sizin diplomatik bacarığınızla, beynəlxalq münasibətləri doğru dəyərləndirməyiniz nəticəsində uğurla alınmışdır.

Xarici ölkələrin kütləvi informasiya vasitələrinə verdiyiniz müsahibələr zamanı əsaslandırılmış, sərrast, kəsərli cavablarınız, qərəzli suallar qarşısında göstərdiyiniz təmkin, istənilən mövzuda diskussiyaya hazır olmağınız, nümayiş etdirdiyiniz zəngin, ensiklpedik bilikləriniz Sizin intellektual liderlik xüsusiyyətlərinizdən xəbər verir.  

Demək olar ki, hər gün cəbhədəki vəziyyətlə bağlı xalqa canlı müraciətləriniz, xalqın dilində danışmağınız, xalqı qələbəyə ruhlandırmağınız, kökləməyiniz, düşmənə meydan oxumağınız bizi addım-addım qələbəyə aparan əsas faktorlardan biridir.

Bu tarixi və şərəfli günlərdə siyasi mövqeyindən, sosial statusundan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız Sizin ətrfaınızda yumruq kimi birləşmişdir. Bu da Sizin uğurlu daxili siyasətinizin nəticəsidir.

Noyabrın 8-də Azərbaycanın incisi, mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması xüsusi əhəmiyyət daşıyır. Bu Azərbaycanın hərb tarixinin ən şanlı səhifələrindən birinə çevriləcək. Şuşanın alınmasına Azərbaycan əsgərləri məharətli hərbi taktika, böyük döyüş şücaəti, şəxsi fədakarlıq nümayiş etdirmişlər.

Artıq Şuşa ilə yanaşı, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları, eyni zamanda Xocavənd və Xocalı rayonlarının bir hissəsi ordumuzun uğurlu döyüş əməliyyatları sayəsində işğaldan azad edilmişdir.

İstənilən uğurlu hərbi əməliyyatlar danışıqlar masasında məğlub tərəfin təslim olmasını təsdiqləməsi və üzərinə müəyyən öhtəliklər götürməsi ilə sona çatır. Sizin döyüş meydanında əldə etdiyiniz uğurlar da noyabrın 10-da Ermənistanı hərbi əməliyyatları dayandırılmağa, məğlubiyyətini etiraf etməyə, işğal altında saxladığı digər ərazilərimizdən çəkilməsi barədə öhdəlik götürməyə məcbur etmişdir.

Sizə əldə etdiyiniz bu parlaq hərbi-siyasi qələbələrə, Azərbaycan xalqına böyük sevinc hissləri yaşatdığınıza görə öz dərin minnətdarlığımızı bildiririk!

Sizə bütöv və qüdrətli Azərbaycan uğrunda apardığınız mübarizədə uğurlar diləyirik!

Allah Sizi və şanlı Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!

 

Hörmətlə,  AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi